“Mən hətta ev üçün ərzaq daşıyanda da çox əziyyət çəkirdim. Un kisəsini çiynimdə çayın içərisi ilə keçməli olurdum. Mən nəinki övladımı hətta həyat yoldaşımı da kürəyimdə çaydan keçirirdim. Biz ailə quran vaxt yoldaşımda heç bir xəstəlik yox idi. Yoldaşım bir neçə dəfə çaydan keçəndən sonra onda 2-3 xəstəlik yarandı. Yoldaşım 3 dəfə cərrahiyyə əməliyyəti keçirib və hər 3 əməliyyata gedəndə mən onu kürəyimdə çaydan keçirmişəm və qayıdanda da eyni qaydada kürəyimdə çaydan keçirib evə aparmışam”.
“Mən ilk növbədə ölkə rəhbərliyinə və körpünün qoyulmasında əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm. Mən çaydan keçmək üçün eni 50-60 sm olan piyada körpüsünün salınmasını istəyirdim. Allah Müdafiə Nazirliyindən razı olsun! Onların mühəndis istehkamçıları tərəfindən uzunluğu 10 metr, eni 4 metr, çəkisi 16 ton və 60 ton ağırlığında yük götürmə qabiliyyəti olan körpü saldılar. 4 nəfəri zabit olmaqla 13 nəfər hərbiçilərimiz bizim ailə üçün körpü saldılar. Onlar dəmir körpünü əraziyə gətirmək üçün çox çətinlik çəkdilər. Texnikanın keçməsi üçün əvvəlcə yol çəkdilər sonra isə körpünü qoydular. Çox sağ olsunlar,mən ən böyük arzularımdan birinə çatdım. Hərbiçilərimiz hətta körpüyə qızımın şərəfində “Aygün körpüsü” adını veriblər. Bununla bərabər ərazidə yol da salındı, mən indi övladımı rahat məktəbə aparıb gətirə bilirəm. Bunda sonra daha ev üstə fikrim qalmaz, övladımın çaydan keçməsi üçün narahat olmaram”
“Əvvəllər atam məni məktəbə aparmaq üçün kürəyinə alıb ayaqyalın çaydan keçirirdi. Çayda sel olanda, atam evdə olmayanda evdə qalıb,dərslərimi evdə oxumalı olurdum. İndi çox şükür körpü var, özüm sərbəst məktəbə gedib gəlirəm. Çox sağ olsunlar ki, gəlib körpü qoydular!”