"Hazırda ərinti prosesində 60 tonluq sobaya şixtə verilməsi üçün metalın sıxlığından asılı olaraq 3-4 badya yüklənir. Badyaların sobaya verilməsini və metalın əridilməsi prosesini isə poladəridənlər nəzarətdə saxlayırlar. Lakin badyaların boşaldılması və ərinti getdiyi zaman müxtəlif səbəblərdən hər dəfə 1-2 dəqiqəlik gecikmə baş verir".
"Yeni layihənin tətbiqi ilə isə metalın əridilməsində qərarvermə prosesi insan tərəfindən deyil, süni intellekt vasitəsilə həyata keçiriləcək. Həm ərintinin getməsi, həm qatqıların əlavə edilməsi, həm də digər lazım olan proseslər üçün lazımi parametrlər və məlumatlar kompüterin yaddaşına daxil ediləcək və proses avtomatik rejimdə tənzimlənəcək. Yəni insan faktoru minimuma endiriləcək və poladəridənlər sadəcə işin gedişatına nəzarət edəcəklər. Hər hansı gecikmə olduğu təqdirdə sistem dərhal xəbərdarlıq edəcək və lazımi tədbirlər görüləcək. İlkin hesablamalara görə, bu startap tətbiq olunarsa, sutkada 24 saat işləyən zavod il ərzində milyonlarla manat vəsaitə qənaət etməklə gəlirlərini daha da artıracaq".