BAKI, 17 oktyabr — Sputnik. Azərbaycanda hamilə qadınlara və süd verən analara koronavirus əleyhinə vaksin vurulması əks göstəriş olsa da, hazırda bir sıra sahələrdə bu şəxslərdən israrla vaksin sertifikatı tələb olunur. Milli Məclisin bu günlərdə keçirilən iclasında Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov öz açıqlamasında bildirib ki, ana olma ehtimalı olan tələbə hamilə qadınlardan, tələbə analardan əks-göstəriş sertifikatı tələb olunur. Hətta bu günlərdə belə bir tələbə öz imzasıyla təhsilindən imtina edib.
Deputatın sözlərinə görə, dünyada sübuta yetirilib ki, hamilə qadınların peyvənd olunması əks-göstəriş yaratmır. Bu cür faktlar göstərir ki, hazırda bətnində körpəsi olan, eləcə də körpə övladına süd verən analar əks-göstəriş sertifikatına görə ali təhsil haqqından belə imtina etməli olur.
Bəs, görəsən hamilə qadınların və süd verən anaların COVID-19 əleyhinə vaksinasiyası nə dərəcədə təhlükəsizdir?
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu
Sevinc Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu ilin avqust ayına qədər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da hamilə qadınlara koronavirusdan qorunmağı tövsiyyə edirdi.
Hamilə qadınların vaksinasiyası ilə bağlı ÜST-ün yeni qəbul olunmuş tövsiyyəsinin Azərbaycanda hamilələrə tətbiqinə gəlincə, baş mama-ginekoloq burada müəyyən ziddiyyət yarandığını söyləyir. Onun sözlərinə görə, Azərbaycanda geniş tətbiq edilən Sinavak şirkətinin istehsalı olan CaronaVak vaksininin təlimatında peyvəndin hamilə qadınlara və süd verən analara vurulmasının yolverilməz olduğu qeyd olunub.
S. Məmmədova deyir ki, mamalıqda immuno qayda var. Bu qaydaya əsasən hamiləliyin 12-ci həftəsinə qədər hamiləyə heç bir vaksin etmək olmaz. Hamiləliyin 12-ci həftəliyinə qədər dölün bütün daxili orqanlarının təməlinin qoyulması prosesi gedir. Həmin mərhələlər tamamlananda hamiləlik üçüncü ayda olur.
Baş-ginekoloq onu da bildirir ki, istehsalçı zəmanət verməmiş hamilə qadınlara və süd verən analara koronavirus əleyhinə peyvənd vurula bilməz. Virusların embrionlara təsirləri erkən və gec ola bilər. Onun sözlərinə görə, əgər hamiləlik mayalanmanın ilk 15 günündədirsə, embrion inkişafdan qala bilər:
Məlumat üçün bildirək ki, hazırki qaydalara əsasən Azərbaycanda hamilə qadınlara və süd verən analara əks-göstəriş sertifikatı verilməlidir. Bu proses uzun çəkdiyindən tələbələr, işləyən hamilə və süd verən qadınlar əks-göstəriş sertifikatını aidiyyatı üzrə təqdim etməkdə gecikirlər. Bu isə bəzən hamilə qadın tələbələrin təhsildən imtina etməsi ilə nəticələnir.
Xatırladaq ki, hazırda ölkəmizdə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir.