BAKI, 18 oktyabr — Sputnik. Oktyabrın 24-dən noyabrın 6-dək Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, mundialda Azərbaycan milli komandası da iştirak edəcək. Məşqçilər korpusu dünya çempionatında 9 boksçuya şans verəcək.
Yığmamızın heyətində Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Alfonso Dominqes (86 kq), Rauf Rəhimov (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) qüvvəsini sınayacaq.
Oktyabrın 21-də səfərə yollanacaq komandamız təlim-məşq toplanışını son günədək davam etdirəcək.
Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 boksçunun iştirakı gözlənilir. 2,6 milyon dollar mükafatı fondu olacaq mundialda çempion 100 min dollar qazanacaq. İkinci yerin sahibi 50, üçüncü pilləni tutacaq boksçu 25 min dollar mükafat alacaq.