YAZARLAR

Zərərli və zəhərli tendensiya: Zərərçəkmişi əzmək

Yazar: Mənə elə gəlir ki, cəmiyyət qadına nifrət edir, çünki hətta zorlanmış qadına da qara yaxmaqdan çəkinmir.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Qadına qarşı nifrətin olduğu, qəddar və nadan insanların yaşadığı cəmiyyətdə yaşamaq getdikcə çətinləşir. Baş verən hadisələr, saytlarda oxuduğum xəbərlər əvvəllər məni depressiyaya, ümidsizliyə yuvarlayırdısa, indi fiziki olaraq ağrı hiss edirəm – əli qırılmış, ayağı qopmuş, kürəyindən bıçaq zərbəsi almış adamın ağrısına bənzər bir ağrı...
Bütün vücudumu günlərlə bürüyən sancılar nəfəsimi kəsir. Və inanın səmimiyyətimə, zərrə qədər mübaliğə etmirəm – bütün ümidlərim ölür, günlərlə bu sarsıntıdan özümə gələ bilmirəm. Xüsusilə bu hadisələr ictimailəşib müzakirə olunanda ikrah hissi keçirirəm. Yaşadığım cəmiyyətin cahil, savadsız, qəddar olmasını istəmədiyim üçün bu cür hadisələr məni məhv edir.
***
Avropada hüquq təhsili alan, böyük gələcək vəd edən gənc, ictimai fəal Sənay Yağmurun başına gələnləri oxuduqda dəhşətə gəldim. Hadisənin təfərrüatını yazmaq istəməzdim. Sadəcə məlumat üçün deyim ki, ötən il 16 yaşlı Sənay Yağmur öz xalası oğlu tərəfindən zorlanıb, hadisədən iki gün sonra hüquq-mühafizə orqanlarına müraciət edib və təxminən bir il hüquqi müstəvidə mübarizə aparıb. Təəssüf ki, hələ də "xalaoğlu"nun əməlinə görə ona "gözün üstə qaşın var" deyən olmayıb, hüquqi müstəvidəki mübarizə bir nəticə verməyib. Hal belə olduqda Sənay hadisəni ictimailəşdirib və artıq səsinin eşidilməsi üçün mübarizə aparır. Sənayın bu cəsarətini, bu mübarizəsini alqışlayıram və bir vətəndaş kimi, hadisənin ciddi şəkildə araşdırılmasını tələb edirəm. 16 yaşlı qıza qarşı seksual hərəkətlər edilirsə, bu artıq cinayətdir. Zorlamanın isə necə iyrənc cinayət olduğunu izah etməyə ehtiyac yoxdur. Cinayətkar mütləq cəzalandırılmalıdır! Dövlət, hüquq-mühafizə orqanları bu hadisəyə biganə qalmamalıdır!
***
Sənayın ictimailəşdirdiyi məsələdə iki məqam diqqətimi çəkdi. Birincisi, cəmiyyətin bu tip hadisələrdə daha çox zorlanan şəxsdə, zorakılıq qurbanında günah, səhv axtarması. İkincisi, Sənayın anası, yazıçı həmkarım Zümrüd Yağmurun cəsarətlə qızını müdafiə etməsi və onun yanında olması.
Birinci məqam çox sarsıdıcıdır. İnsanların qəddarlığı, nifrət çağırışları məni çox narahat edən məsələdir. Bu nifrət hər yerdə özünü göstərir. Nə qədər qəribə olsa da, bu cür rəzil hadisələrdə təcavüzçüyə haqq qazandırmağa çalışanlar da var. Təsəvvür edin ki, bəziləri bu xəbəri müzakirə edəndə hadisəni törədən manyakı yox, zərərçəkmiş qızı günahkar sayır. Bəli, təəssüf, bu cür ağıl sahibləri, bu cür manyak təfəkkürə sahib insanlar bizimlə eyni cəmiyyətdə yaşayır, bizimlə eyni havanı udur...
Mənə elə gəlir ki, cəmiyyət qadına nifrət edir, çünki hətta zorlanmış qadına da qara yaxmaqdan çəkinmir. Və çox təəssüf ki, bunu özünü ziyalı, qələm adamı hesab edən insanlar da edir.
***
Zümrüd Yağmurun qızını dəstəkləməsi, onun yanında olduğunu bəyan etməsi məni çox sevindirdi. Adətən bu tip hadisələrdə ailələr övladını dəstəkləmək əvəzinə onu qınayır, hətta bir çox nümunələrdə evdən qovur. Sonralar bu cür qurbanların taleyinin necə olacağı ailələri narahat etmir. Zümrüd xanımın cəsarətli və nümunəvi davranışı örnək olmalıdır. Bütün cəmiyyətlərdə bu cür neqativ hadisələr baş verir. Avropada da, Amerikada da zorlanma cinayətləri az deyil. Cinayətdən heç kəs sığortalanmayıb. Ona görə də bu cür hadisələr baş verəndə, zərərçəkmişlərə həm ailə, həm də cəmiyyət sahib çıxmalı, dəstəkləməlidir. Oxucularımla bir pritçanı bölüşmək istəyirəm. Müəllifini xatırlamasam da, çox təsirli olduğu üçün sizlərlə bölüşürəm:

"Ana və ata hər il oğullarını yay tətilində nənəsinin yanına aparanda qatarla gedər, oğullarını nənəsinin yanına qoyduqdan sonra, ertəsi gün qatarla geri qayıdardılar. Bir az böyüdükdən sonra uşaq valideynlərinə deyir:

– Artıq böyümüşəm. Bu il nənəmin yanına tək getməyə cəhd etməyimə necə baxırsınız?

Qısa bir müzakirədən sonra valideynlər ortaq qərara gəlirlər. Stansiyanın platformasında, vaqonun pəncərəsindən oğullarına son tapşırıqlarını verərkən oğlan eyni sözləri təkrarlayırdı:

– Bəli, bilirəm, bilirəm. Eyni şeyləri yüz dəfə təkrar demisiniz.

Qatar yola düşmədən atası son dəfə oğluna baxdı:

– Oğlum, işdir özünü narahat hiss etsən, qorxsan, tənha hiss etsən bu sənin üçündür, – deyib oğlunun cibinə bir şey qoydu.

Artıq uşaq tək idi. Ətrafında tanımadığı insanlar bir-birini itələyir, gülür, tambura çıxıb qayıdırdılar. Konduktor uşağın biletinə baxarkən, səfərə tək çıxması ilə bağlı nə isə dedi. Yanındakılardan kimsə ona acıyaraq baxdı. Uşaq birdən özünü narahat hiss etdi və ətrafındakılar ona baxdıqca narahatlığı artdı. Boynunu büküb oturduğu yerdə büzüşdü və göz yaşları yanağından süzülməyə başladı. Elə bu məqamda atasının cibinə nə isə qoyduğunu və dediyi sözləri xatırladı. Titrəyən əlləri ilə cibini eşələyib həmin kiçik şeyi – kağız parçasını tapdı. Atası kağıza qısa bir cümlə yazmışdı:

– Oğlum, biz sonuncu vaqondayıq".

***
Ümid edirəm ki, mental zehniyyətin girdabında çabalayan valideynlər həm bu hadisədən, həm də pritçadan nəticə çıxaracaq. İnanmaq istəyirəm ki, bir gün cəmiyyətimiz bu cür hadisələrə adekvat reaksiya verəcək.
Sənaya iradə, mübarizə əzmi arzulayıram və onun apardığı mübarizəni bütün qəlbimlə dəstəkləyirəm. Yazıçı həmkarım Zümrüd xanıma valideyn kimi "sonuncu vaqonda" olmağı bacardığı üçün təşəkkür edirəm. Tezliklə ədalətin bərqərar olmasına inamım sonsuzdur. Və ümid edirəm ki, günlərin bir günü cəmiyyət, ziyalılar hər şeyi öz adıyla çağırmağı öyrənib, zorlayanı yox, zorlananı müdafiə edəcəklər.