MƏDƏNİYYƏT

Tamaşaçı təkcə rəqsdən deyil, ifaçıdan da zövq almalıdır - Akademiyanın dekanı

Sənan Hüseynli: Lisenziyası olmayan insanlar rəqs sənətinin tədrisi ilə məşğul olmasalar yaxşıdır. Nazirlər Kabineti bununla bağlı qərar qəbul etməlidir.
Sputnik
BAKI, 17 oktyabr — Sputnik. Rəqslər Azərbaycan xalqının yüzilliklər boyu formalaşıb ərsəyə gələn mədəniyyətində böyük rol oynayır. Bu qədim və dərin köklərə malik olan sənət elə tariximiz qədər qədim və zəngindir. Qobustan qayaüstü rəsmləri sübut edir ki, Azərbaycan rəsm mədəniyyətinin ilk ocaqlarından biri olduğu kimi, həm də qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilərdəndir. Qobustandakı şəkillər içərisində rəqs mərasimi təsvirləri Azərbaycanlıların hazırda ifa etdikləri "Yallı" rəqsini xatırladır. Sovet imperiyasının qılıncının dalının da, qabağının da kəsdiyi bir vaxtda bu sənəti yaşadanlar olub. Təəssüf ki, bu gün bu sənət bir sıra naşı insanların sayəsində itib-batır...
Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli Sputnik Azərbaycan-a müsahibəsində bu qədim sənətin hazırkı problemlərindən söhbət açıb.
Onun sözlərinə görə, hazırda heç bir xoreoqrafiya təhsili olmayan insanlar rəqs kursları açırlar:

"Elə bu səbəbdən qeyri-peşəkar, bayağı rəqqaslar meydana çıxır. Şəhərin hansısa küncündə bir yer icarəyə götürürlər və rəqs kursu açırlar. Valideynlər bilmirlər ki, həmin müəllimlərin bu sənətdən anlayışları yoxdur. Uşaqlara rəqsi yanlış öyrədirlər. Xoreqrafiyada belə bir anlayış var. Bir insanı sıfırdan öyrətmək daha asandır, nəinki yanlış öyrənən insanı düzəltmək. Məsələn, biz burada uşaqları I sinifdən, IV sinifdən və VIII sinifdən qəbul edirik. Bəzən uşaq qəbul edirik, məlum olur ki, onun müəllimi bizim Akademiyanın məzunudur. Biz uşağın yerişindən, duruşundan, hərəkətlərindən anlayırıq ki, bu uşağın üzərində peşəkar insan çalışıb".

İllərin peşəkarı təklif edir ki, lisenziyası olmayan insanlar rəqs sənətinin tədrisi ilə məşğul olmasın. Bu məsələyə dövlətin nəzarəti mütləqdir:

"Nazirlər Kabineti bununla bağlı qərar qəbul etməlidir. Bəzən elə uşaq da olur ki, rəqs müəllimi onu yanlış öyrədib, ona görə də o uşağı düzgün istiqamətə yönəltmək üçün illərimizi sərf edirik. Bu, bir evə bənzəyir. Bir var sən evi bünövrədən tikirsən. Bir də var sən bünövrəsi yanlış olan evi düzəldirsən. Hər yerindən duran rəqsi təbliğ etsə, bu sənət getdikcə uçuruma yuvarlanacaq. Ona görə də hansısa qurum bu məsələyə ciddi nəzarət etməlidir".

Müsahibimiz deyir ki, musiqi sənəti, rəqs sənəti toydan bəhrələnib:

"Bu, bütün dövrlərdə belə olub. Xan Şuşuniski, Cabbar Qaryağdıoğlu və s. kimi sənətkarlar el şənliklərində püxtələşiblər. Amma onlar bu işlə peşəkarlıqla məşğul olublar".

S.Hüseynli bu gün el şənliklərində rəqs nümayiş etdirənləri görəndə çox məyus olduğunu söyləyir:

"Düzdür, hərdən peşəkarcasına ifa edənlər də var. Amma böyük əksəriyyəti çox zövqsüz, qeyri-peşəkaaxrlıq rəqs nümayiş etdirir. Rəqsi tam yerinə yetirmir, yarımayaq oynayırlar. Nəticədə şənliyə gedən insanların zövqünü korlayırlar. Təəssüf ki, biz o insanlara heç bir söz deyə bilmirik. Bəzi restoran sahibləri buna nəzarət edirlər, onlar peşəkar rəqs truppalarını öz restoranlarına dəvət edirlər. Amma əksəriyyətini bu məsələ maraqlandırmır. Əsas odur, ucuz qiymətə gəlib toyu yola versinlər".

Əməkdar artist bildirir ki, zövqsüzlük bölgələrdəki el şənliklərində, toylarda daha çox nəzərə çarpır:

"Rayonlarda keçirilən el şənliklərində vəziyyət ürəkaçan deyil, amma başa düşüləndir. Çünki, orada peşəkar azdır. Axı, paytaxtda xeyli peşəkar var?! Düzdür, bölgələrdən bura təhsil almağa gələnlər var. Çalışırıq ki, onlar Akademiyanı bitirəndən sonra öz bölgələrinə qayıtsınlar, öz sənətlərini davam etdirsinlər. Orada dərs desinlər, sonra öz yetirmələrini bura göndərsinlər. Bölgələrdə ixtisaslı rəqqaslara ehtiyac çoxdur".

Peşəkar rəqqas bu gün el şənliklərində olduğu kimi, televiziyada da qeyri-pəşəkar rəqqasların göründüyünü deyir:

"Bunun səbəbi odur ki, valideynlər 3-4 ay rəqsə gedən uşaqlarını efirdə görmək istəyirlər. Rəqs müəllimlərini məcbur edirlər ki, onların uşaqları efirə çıxsın. Uşaq rəqsi tam mənimsəmir, rəqsi tam mənimsəmədiyindən fikri müəllimdə qalır və nəticədə biabırçı bir vəziyyət alınır. Valideynlər uşaqların efirə çıxarılması üçün hətta pul da təklif edirlər. Onun üçün fərqi yoxdur - uşaq yanlış oynayır, pis oynayır. Əsas odur ki efirə çıxsın. Daha anlamırlar ki, bununla uşaqlarını biabır edirlər. Bu insanların zövqsüzlüyündən irəli gəlir. Əgər valideyn zövqlü olsaydı, fikirləşərdi ki, mənim övladım hələ efirə çıxmağa hazır deyil... Bunun bir adı var - şöhrətpərəslik!".

"Rəqqas üçün əsas vacib olan nədir? Akademiyaya tələbələr hansı meyarlar əsasında qəbul olunur?" sualına Hüseynlinin cavabı belə oldu:

"Biz tələbə qəbul edən zaman öncə onun sağlamığı haqqında həkimdən arayış alırıq. Çünki, peşəkar rəqslə məşğul olan adam öncə sağlam olmalıdır – həm daxili orqanları, həm də xarici bədən üzvləri sağlam olmalıdır. Ondan sonra onun musiqi duyumu, rəqs ifaçılıq qabiliyyəti yoxlanılır. Tələbələr bu sənətin peşəkarları tərəfindən seçilir. Bu sənət canlı sənətdir. Müğənnilik deyil ki, fonoqrama oxusunlar. Ona görə də tamaşaçı təkcə rəqsdən yox, ifaçıdan da zövq almalıdır. Ona görə də biz tələbələri qəbul edəndə onların xarici görünüşlərinə də önəm veririk".

Sənətkar rəqsdəki süjet xəttlərində tariximiz göründüyünə diqqət çəkir:

"Tarixdə baş verən hadisələr rəqsdə öz əksini tapır. Elə xalq oyunları var ki, onlar itib. Amma onların elementləri rəqslərdə qalıb. Rəqs bir tarixidir, biz bu tarixi yaşatmalıyıq. Biz rəqsə baxanda bilirik ki, məsələn, filan bölgədə zamanında filan adət olub. Mənfur qonşularımız bizim rəqslərimizə yiyələniblər. Niyə? Çünki biz öz sənətimizi yetərincə təbliğ etmirik. Bunun günahkarı biz özümüzük".

Sənan müəllim həm özünün, həm də həmkarlarının milli rəqslərin tarixini araşdırdıqlarını qeyd edir:

"Bildiyiniz kimi, bir neçə il əvvəl "Köçəri" yallısı, "Tənzərə" yallısı YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edildi. Azərbaycanın birinci xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu işdə çox böyük zəhməti oldu. Bunun davamı olmalıdır. Biz öz rəqslərimizə dəyər verməsək, başqası o rəqslərimizə yiyələnəcək. Peşəkar rəqqas olmaq üçün yox, sadəcə rəqslərimizi bilmək üçün".

Müsahibimiz valideynlərə öz övladlarını rəqsə sənətinə yönəltməyi tövsiyə edir. Onun sözlərinə görə, rəqslə məşğul olan istər qız, istərsə də oğlan fiziki olaraq sağlam olur və xarici görünüşü də göz oxşayır:

"Fikir verin, toyda bir nəfər yaxşı oynayanda hər kəsin diqqəti ona yönəlir, hər kəs ondan zövq alır. Şəhərdə gəzəndə insanlara baxıram, insanlar adi yerişlərinə belə diqqət etmir, qamətləri düzgün deyil, ayaqlarını düzgün basmırlar. Amma valideynlər övladlarını zamanında rəqsə yönləndirsələr, onların qaməti də gözəl olar, fiziki cəhətdən də sağlam böyüyərlər".

El şənliklərində zövqsüz rəqs nümayiş etdirənlərdən söz açan müsahibimiz köhnə toylarımızı da xatırlayır:

"Bəzi adət-ənənlərin unudulduğu kimi, rəqslərimiz də unudulub. Burada Sovet rejiminin də böyük təsiri var. Qədim zamanlarda bizim nənələrimiz, babalarımız rəqs məktəbi görməmişdilər. Amma hər kəndin, hər obanın yaxşı oynayanları olardı. Onlar bir komanda şəkilində rəqs edərdilər. Bütün insanlar da çalışırdılar ki, özlərini onlara bənzətsinlər. Vaxtilə hər yerindən duran oynamazdı. Deyirdilər ki, filan mahalda filan kişi çox yaxşı yallıbaşıdır, yallı aparır. Hər adam o cərgəyə durmazdı. Yallıbaşının ixtiyarı var idi ki, düzgün onyamayan insanı cəzalandırsın. Təəssüflər olsun ki, biz müəyyən bir dönəmdə bunları itirdik. O zamanlarda teatr, kino, konsert yox idi. Təkcə el şənlikləri var idi. Uşaqlar da o insanlardan öyrənirdilər. Biz bunu itirmişik. Yallının bəzi növlərini itirmişik. Burada Sovet rejiminin də payı var. Məsələn, Sovetlər dönəmində Novruz adətlərini bizə unutdurmuşdular. Bəzi rəqslərimiz də həmin dönəmdə unudulub".

Sənətkar Novruz bayramı ilə bağlı bəzi el oyunlarının da unudulduğunu deyir:

"Bəzi oyunlar var, hansı ki, biz uşaq vaxtı oynayardıq, indiki uşaqlar oynamırlar. Hamısı telefona aludə olublar. O uşaq oyunlarının özündə də bir tarix var. Biz çalışırıq ki, bunları geri qaytaraq, bərpa edək. Öz beynimizdə olanları, nənələrimizin bizə danışdıqlarını yada salıb, peşəkarlıqla onu bərpa etmək istəyirik. Bu oyunları öz tələbələrimə də tədris edirəm ki, unudulmasın".

Dekanın sözlərinə görə, elə insanlar var ki, onlar çox peşəkardır, amma ali təhsilləri və tədris etmək səlahiyyətləri yoxdur.

"İnsanlar var ki, onların fitri istedadları var, amma zamanında təhsil ala bilməyiblər. Onlara şərait yaradırıq ki, öz sənətlərini peşəkarlıqla davam etdirsinlər. Həmin insanlar tədrisə cəlb olunub. Onlar Bakı Xoreoqrafiya Akademiyasında təhsil alandan sonra özləri də tələbələr yetişdirə biləcəklər. Hər bölgənin özünəxas rəqsləri var. Sadəcə o rəqsləri düzgün təbliğ etmək lazımdır. O rəqsləri peşəkar insanlar təbliğ etməlidirlər. Rayonlarda özfəaliyyətlə məşğul olan qeyri-peşəkarları təhsilə cəlb edirik ki, onlar peşəkarlaşsınlar və öz bölgələrində fəaliyyətlərini peşəkarlıqla davam etdirsinlər".

- Xalq artisti Aygün Kazımova müsahibələrinin birində demişdi ki, mən Azərbaycanda rəqqas tapmıram, ona görə də gedib xaricdən yüksək məbləğdə pul ödəyib rəqqas gətirirəm. Doğurdanmı Azərbaycanda Aygün Kazımovanı qane edəcək rəqqas yetişmir?
- Mən istəməzdim Aygün xanımın fikrini şərh edim. Bu, onun fikridir, şousudur, proqramıdır. Bəzən rejissorlar da film üçün xaricdən aktyorlar dəvət edirlər. Çünki, rejissor həmin obrazı onun simasında görür. Bu o demək deyil ki, Azərbaycanda aktyor yoxdur. Öz aktyorlarımız da xarici ölkələrdə filmə çəkilirlər. Məsələn, Rasim Balayev dünyanın bir çox ölkələrində filmə çəkilib. Bu o deməkdir ki, Rasim Balayevin fakturası xarici rejissorun diqqətini çəkib, çəkdiyi filmə uyğun gəlib. Azərbaycanda da rəqs truppaları var, sadəcə onlarla iş birlirliyi yaratmaq lazımdır. Peşəkar rəqqas hər bir rəqsin öhtəsindən gələ bilər. Sadəcə məşq lazımdır. Bizdə təhsil alan tələblər dünya rəqslərini də öyrənirlər. Artıq 4 ildir ki, bizdə müasir rəqslər üzrə ixtisaslı kadrlar yetişdirirlir. Əgər Aygün xanım peşəkar kollektivlərə müraciət etsəydi, həmin kollektivlərdən kifayət qədər qrup yaratmaq olardı".