BAKI, 15 oktyabr — Sputnik. Azərbaycanda icbari tibbi sığorta çərçivəsində təqdim olunan xidmətlərin sayı artırılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, Azərbaycanda icbari tibbi sığorta tətbiq edilən ərəfədə koronavirus pandemiyası başladı və bu da icbari tibbi sığortanın tətbiqinə çətinlikər yaratdı.
"Problemlər var, ancaq bu gün Xidmətlər Zərfinə iki mindən çox xidmət daxil olub və bu tibbi xidmətlər getdikcə artırılacaq. Burada bütün məsələlər büdcə ilə bağlıdır. Büdcənin imkan verdiyi daxilində xidmətlər həyata keçirilir. Gələcəkdə büdcə vəsaitinin həcmi artdıqca tibbi xidmətlərin də sayı aytırılacaq, bu gün zərfə daxil olmayan tibbi xidmətlər də zərfə daxil ediəcək".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, nəyin bahasına olursa-olsun, biz icbari tibbi sığortanı tətbiq etməliyik. Yaxın günlərdə büdcə müzakirələrinə başlayacağıq. Büdcədə səhiyyəyə ayrılan maliyyəni artırmalıyıq.
Deputat qeyd edib ki, dövlət başçısının sərəncamı ilə pensiyaçılar, tələbələr, hamilə qadınlar və s. icbari tibbi sığorta ödəməkdən azad edilib: “1523 xidmət zərfə daxil olmayan pullu xidmətlərdir. Ancaq icbari tibbi sığorta haqqı ödəməkdən azad edilən insanlar gedib özü bu xidmətlərin pulunu ödəməlidir. Amma onların buna imkanı yoxdur. İcbari tibbi sığorta haqqı ödəməkdən azad edilən insanlar üçün bu pullu xidmətlər də pulsuz olmalıdır”.