"Biz öyrəşmişdik sərgiləri köhnə əl oyunları idman salonunda, daha təmtəraqlı görməyə. Bu dəfə isə bizə zirzəmini rəva bilmişdilər. Bu da sərginin işinə problem yaradırdı".
"İndiyə qədər müstəqil yazarların, müstəqil nəşriyyatların dövlətdən dəstək almadan sadəcə nəşriyyatların satış sərgisi keçirilməsi ilk idi. Pandemiya ucbatından normal kitab tədbirləri keçirə bilmirdik. Bu bizim üçün bir ilk idi. Sadəcə olaraq yer baxımından gələnlərin çoxu tənqid edirdilər ki, yer darısqaldır, zirzəmidə keçirilməsini də ayrıca tənqid edirdilər. İnsanların kütləvi gəlişini əvvəlcədən nəzərə ala bilməmişdik".
"Dövlət VII Beynəlxalq Kitab Sərgisinə 300 min pul ayırıb. Onu qeyd edim ki, Şahbaz Xuduoğlunun təşkil etdiyi milli kitab satış-sərgisi 10 gün davam etdi. Həmin sərgi çərçivəsində yüzdən artıq tədbir təşkil olunmuşdu. Həmin tədbir cəmi 5 min manata başa gəlmişdi. Fərqi özününüz də görürsünüz - 300 min və 5 min manat".
"Bakı Ekspo Mərkəzi tikinti sərgisi üçün, hansısa iqtisadiyyat sərgi üçün normaldır. Amma kitab satışı sərgisi üçün çox uğursuz məkandır. Kitab satışı sərgisi bütün oxucuların gedə biləcəyi, əlçatan bir məkan olmalı idi. Qeydiyyatdan keçənlərin çoxu şagirdlər və yeniyetmələr, kitab almaq iqtidarında olmayanlar idi. Bütün bunlar nəşriyyatların işinə təsir edir. Türkiyədən gələn nəşriyyatlar da iştirak edirdilər. Onlar üçün bu problem deyildi. Onlar gəlib kitablarını nümayiş etdirirdilər. Biz eyni zamanda satış da nəzərdə tutmuşduq. Ora bizim üçün uğurlu bir yer deyildi".
"300 min manat nəyə xərcləndi? Mənə görə Şahbaz Xudoğlunun təşkil etdiyi kitab sərgisi daha çox oxucuya xitab edirdi, ikinci sərgi isə daha çox reklam xarakterli idi".
"Nazirliklər öz beynəlxaq əlaqələrindən istifadə edərək sərgiyə kömək edə bilər. Maliyyə niyə ayırır, onu anlamıram?! Dövlətin pulunu daha səmərəli şeylərə sərf etmək olar. Şahbaz bəyin təşkil etdiyi sərgiyə 5000, ikinci sərgiyə isə 300 min manatın xərclənməsi qıcıqdoğurandır. İkinci isə, məkan problemidir. Həmin məkana gedib çıxmaq zülm idi. Mən öz dostlarımın xatirinə getdim. İki dəfə ora getdim, dostlarım orada olmasaydı, mən könüllü ora getməzdim".
"İlk olduğuna görə müəyyən problemlər ortalığa çıxdı. Amma yəqin ki, növbəti sərgilərdə bu problemlər aradan qalxar. Çalışmaq lazımdır ki, milli kitab sərgisi ildə heç olmasa bir dəfə keçirilsin. Artıq zirzəmi təfəkkürü ilə yanaşmadan, daha müasir, mərkəzə yaxın məkanlarda təşkil olunmalıdır. Bizim kitaba qayıtmağıza, nəşriyyatların yaşaması, oxucuların kitab alması üçün bu sərgilər çox böyük stimul verir".
"Dövlətin kitaba yanaşması vergi sistemindən başlamalıdır. Kitabların ucuzlaşması üçün müəyyən vergilər ləğv olunmalıdır. Kitab mağazalarından, nəşriyyatlardan vergilər ya ləğv olunmalı, ya da müəyyən yumuşalmalar olmalıdır. Gömrük rüsumu ləğv olunmalıdır. Əgər biz kitaba qayıtmaq istəyiriksə, bunu etməliyik. Sərgiyə gələn universitet və ya texnikum tələblərinin alıcılıq qabiliyyəti çox zəif idi. Tutaq ki, tələbənin 10 manatı var. Kitab 9 manat olsa, o tərəddüd edəcək ki, yaxşı, mən kitabı alsam, evə necə qayıdacağam? Amma kitabın qiyməti 5 manat olsa, tərəddüd etmədən kitabı alacaq. Əlavə dəyər vergisi, gömrük rüsumu ləğv olunsa, kitabın dəyəri yarıbayarı azalar. Bu da hər kəsə sərf edər. Bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Milli Məclisin deputatları Fazil Mustafa və Tahir Mirkişili bu məsələni parlamentdə mükazirı ediblər. Düşünürəm ki, sadalanan problemlər yaxın gələcəkdə öz həllini tapacaq".