BAKI, 14 oktyabr — Sputnik. Bu ilin 9 ayında 58 tibb müəssisəsində xəstələrin qidalanma rejiminin təmin olunması, həmçinin qida normalarının normativ sənədlərin tələblərinə uyğun tətbiq edilməsi ilə bağlı yoxlamalar həyata keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 8 tibb müəssisəsində aşkar edilmiş pozuntularla bağlı materiallar Baş Prokurorluğa göndərilib. Həmçinin 28 tibb müəssisəsinin məsul şəxsləri yol verdikləri pozuntularla bağlı inzibati məsuliyyətə cəlb edilib.
AQTA 191 adda pestisidin istifadəsinə qadağa qoyub
Qoşqar Təhməzli onu da qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 191 adda aktiv maddəni əhatə edən pestisidin ölkə ərazisində istifadəsinə qadağa qoyub.
O bildirib ki, Rusiyanın "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" qanununa dəyişikliklər edilib və həmin dəyişikliklər 29 iyunda qüvvəyə minib: "Qanundan irəli gələrək Agentlik və "Rosselxoznadzor" arasında saziş bağlanması nəzərdə tutulub.
Sazişə əsasən, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən tətbiq edilən pestisid və aqrokimyəvi maddələrin normaları barədə məlumatların da qarşı tərəfə verilməsi, meyvə-tərəvəz məhsullarında pestisidlərin, nitratların və ağır metal duzlarının qalıq miqdarının Rusiyada qüvvədə olan normalar daxilində olması nəzərdə tutulur".