BAKI, 14 oktyabr — Sputnik. Bu gün axşam saatlarında Gürcüstanın paytaxtı Tbilisidəki "Azadlıq" meydanında bu ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarlarının mitinqi başlayıb. Onlar eks-prezidentin azadlığa buraxılmasını tələb edirlər. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.
Etiraz aksiyası Saakaşvilinin yaratdığı və hazırda mövcud iqtidara müxalifətdə olan "Vahid Milli Birlik" partiyası tərəfindən təşkil olunub. Bu ölkədəki digər müxalifət partiyalarının mitinqdə iştirakı nəzərdə tutulmayıb.
Mitinqin təşkilatçıları meydanda qurulmuş səhnədən aksiyaya toplaşanları salamlayıblar. Səhnədki böyük ekranlarda isə Saakaşvilinin foto rəsmləri əks olunub. RİA Novosti-nin müxbiri Gürcüstan paytaxtının mərkəzi meydanının tamamilə dolduğunu xəbər verir. Bununla belə, siyasətçinin tərəfdarları meydana axışmaqda davam edirlər. Saakaşviliyə azadlıq tələb edənlər arasında müxtəlif yaş qrupundan olan insanlar var. Mitinqçilərin əlində isə Gürcüstan bayrağı ilə yanaşı, ABŞ, Azərbaycan, Ukrayna və Avropa İttifaqının bayraqları da görünür.
Hüquq-mühafizə orqanlarının əməkdaşları "Azadlıq" meydanının yaxınlığındakı Şota Rustaveli prospekti, Puşkin və Leonidze küçələrində avtomobillərin hərəkətini dayandırıb. Ancaq arzu edənlərə meydana piyada getməyə icazə verilir.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili oktyabrın 1-də, bu ölkədə yerli idarəetmə orqanlarına keçirilən seçkidən bir gün əvvəl Tbilisiyə gəlmiş və həbs olunmuşdu.