BAKI, 13 oktyabr — Sputnik. Sumqayıt şəhərində koronavirusa yoluxan məktəbli xəstəxanada vəfat edib.
Sputnik Azərbaycan-a APA-ya istinadən xəbər verir ki, Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də özünü pis hiss edib və həmin gündən məktəbə gəlməyib.
Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu və bunun yüksək qızdırma ilə müşahidə olunduğu məlum olub.
Oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirilən. K.Əsgərov sonradan Bakıda klinikalardan birinə göndərilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq K.Əsgərov xəstəxanada vəfat edib. Məktəblinin bununla yanaşı güclü allergik həssaslığı da olub.
Məktəbdən APA-ya verilən açıqlamada K.Əsgərovun vəfat etməsi xəbəri təsdiqlənib.
Bildirilib ki, K.Əsgərov oktyabrın 5-də sinif rəhbərinə xəstələndiyini deyib və həmin gündən məktəbə gəlməyib: "Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib".