İQTİSADİYYAT

Azərbaycan qızılının xaricə axınının qarşısını almaq üçün NK qaydaları dəyişdi

Qərar valyutanın ölkədən xaricə axınının qarşısının alınmasına, habelə ölkədə yeni iş yerlərinin açılmasına da müsbət təsir edəcək.
Sputnik
BAKI, 13 oktyabr — Sputnik. Nazirlər Kabineti "Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nda dəyişiklik edib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə verilən şəxslərin sayı artırılıb.
Belə ki, bundan sonra xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən mal qızıl və ya gümüş olduqda, həmin malları külçə, sikkə və ya qranul şəklində ölkəyə təkrar idxal edən "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeyd edilən metallara münasibətdə faydalı qazıntıların çıxarılması üzrə yer təkindən istifadə hüququ verilmiş şəxslərə də malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə veriləcək.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Nazirlər Kabineti mis ixracı üçün rüsum dəyərini açıqladı
Daha əvvəl malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə yalnız rezidentlərə və gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə verilirdi.
Nazirlər Kabinetindən bildirilib ki, qərarın qəbul edilməsi qızılın və gümüşün (ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları istisna olmaqla) xaricdə emal adı altında ölkədən çıxarılmasının qarşısının alınmasına, bununla da valyutanın ölkədən xaricə axınının qarşısının alınmasına, habelə ölkədə yeni iş yerlərinin açılmasına, iqtisadiyyatda əlavə dəyərin formalaşmasına, əhalinin rifah halının yaxşılaşmasına və Azərbaycanın regionda zərgərlik məmulatlarının istehsalı və emalı sahəsində mövqelərinin gücləndirilməsinə səbəb olacaq.
Bu qaydalara uyğun xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunur.
Eləcə də oxuyun:
* Çəkisi 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr satışa çıxarılıb
* Ekspert: Azərbaycan xarici dövlətlərin mallarından gömrük rüsumu tutmaq hüququna malikdir
* Ekspert: hibrid və elektromobillərə görə rüsum ləğv olunsa, avtomobil parkı yenilənər