BAKI, 11 oktyabr — Sputnik. Oktyabrın 7-dən 17-dək Türkiyənin Diyarbəkir şəhərində keçirilən "II SoloFest – Keçmişdən bu günə hekayə ənənəsi" Beynəlxalq Teatr festivalında ölkəmizi yazıçı-dramaturq Ülviyyə Heydərovanın "Pələng" monopyesi təmsil edib.
Bu barədə Sputnik Azərbaycan-a məlumat verən yazıçı-dramaturqun sözlərinə görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn tamaşa "Teatral Studiya" tərəfindən rejissor Səbinə Məmmədzadənin quruluşunda təqdim olunub.
Pələng rolunun ifaçısı Gənc Tamaşaçılar Teatrının aktrisası Zümrüd Quliyevadır. Tamaşanın musiqi tərtibatı Zaur Rəşidovundur. Müəllifin sözlərinə görə, tamaşa anşlaqla keçib.
Məlumat üçün bildirək ki, tamaşa "Pələng" adlı, küçəyə atılmış itin aqibətindən bəhs edir. Əsərin qəhrəmanı evin yeni sahibi tərəfindən uzun illər yaşadığı yerdən qovulmuş "Pələng" adlı itdir. O, tənha qalır, köhnə sahibini və onun xanımı ilə xoşbəxt günlərini xatırlayır. Vəfalı it xatirələrin işığında sahibinin məzarını ziyarət edir.
Xatırladaq ki, sözügedən monopyes bundan öncə Moskvada, "Dramaturgiya kafedrası- XXI əsr" ("Кафедра драматургии - XXI век") tərəfindən tamaşaya qoyulub.
Əsər "İlkin hadisə - XXI əsr" Beynəlxalq Müstəqil Müasir Dramaturgiya Müsabiqəsində "Yalnız artist" nominasiyasının geniş siyahısına daxil edilib.