DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lirənin manata qarşı məzənnəsi tarixi minimumu yeniləyib

Lirənin məzənnəsinin rekord səviyyədə aşağı düşməsinin səbəbi Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini gözlənilmədən 19%-dən 18%-ə endirməsidir.
Sputnik
BAKI, 11 oktyabr — Sputnik. Oktyabrın 11-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,9% azalaraq 0,1897 manat təşkil edib ki, bu da yeni tarixi minimum sayılır. Bundan əvvəl tarixi minimum cari ilin sentyabrın 30-da qeydə alınmışdı.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, 2006-cı ildə Azərbaycanda baş verən denominasiyasından sonra lirə ilk dəfədir sözügedən səviyyəyə enib. Təkcə son bir ayda lirə manata nisbətdə 5,7% dəyər itirib. Qeyd edək ki, indiyədək (denominasiyadan sonra – red.) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb – 0,7363 manat. Son 10 ildə isə lirənin manata qarşı məzənnəsinin pik həddi 2011-ci ilin mayın 19-da qeydə alınıb – 0,5026 manat.
Xatırladaq ki, Türkiyə lirəsinin rekord səviyyələrə enməsi Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini gözlənilmədən (illik inflyasiyanın avqustda yüksək səviyyədə (19,25%) olmasına baxmayaraq) 19%-dən 18%-ə azaltdıqdan sonra baş verib.
Sentyabrın 24-dən sonra lirənin ABŞ dollarına qarşı məzənnəsi də tarixi minimumları yeniləməyə başladı. Türkiyə Mərkəzi Bankının məlumatına görə, hazırda 1 dolların satış qiyməti 8,9142 lirəyə bərabərdir.
Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə, hazırda 1 manat 5,2715 lirəyə bərabərdir.