BAKI, 11 oktyabr — Sputnik. Bu ilin III rübündə Azərbaycanda abunəçilərin elektrik enerjisi ilə təchizatı ilə bağlı Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyinin xətti ilə 92-si məlumat xarakterli olmaqla 1494 müraciət daxil olub.
Sputnik Azərbaycan xəbər verir ki, bu, II rüblə müqayisədə 145 müraciət və yaxud 11% çoxdur.
Belə ki, III rüb ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına verilmiş istismara buraxılış aktlarının sayı II rüb ilə müqayisədə 6,4% azalaraq 59 akt təşkil edib;
- Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının ekspertizadan keçirilərək razılaşdırılmış layihə sənədlərinin sayı II rüb ilə müqayisədə 8,3% artaraq 78 təşkil edib;
- III rübdə aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid sənədin razılaşdırılmasından imtinaların sayı II rüb ilə müqayisədə 23% azalaraq 13 sənəd, qaz qurğularına aid sənədin razılaşdırılmasından imtinaların sayı isə 21% azalaraq 15 sənəd təşkil edib;
- III rübdə razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazələrin sayı II rüb ilə müqayisədə 33 % azalıb və 109 icazə təşkil edib;
- III rübdə qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı II rüb ilə müqayisədə 15% azalıb və 706 tikinti obyekti təşkil edib;
- III rübdə qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 2, elektrik şəbəkəsinə isə 4 qeyri-qanuni qoşulma faktı aşkar edilib;
- III rübdə 17 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib, sayğaclar kompüterlə oxunub;
- III rüb ərzində tərtib edilmiş inzibati xəta haqqında protokolların sayı II rüb ilə müqayisədə 72% azalaraq 12, protokollar üzrə qəbul edilən qərarların sayı isə 65% azalaraq 28 olub.