"Sənətimi həddindən artıq çox sevirəm. İnsanların qapısını açaraq sevinc bəxş etmək çox gözəl bir hissdir. Bu işdə pulu düşünüb işləyən şəxs usta ola bilməz. Usta gərək müştərinin sevgisini qazansın ki, növbəti dəfə də qapısı bağlı alanda, ya açara ehtiyacı olanda sənə müraciət etsinlər".
"Problemlərimiz var... Materialın qiyməti qalxır, açar bahalaşanda gələn-gələn deyir ki, sən də benzinlə işləyirsən? Düşünmürlər ki, dollar bahalaşıbsa, bunun digər bazarlara da təsiri olacaq. Axı material dollarla ölkəyə daxil olur".
"Bu 24 ildə çox maraqlı hadisələrlə qarşılaşmışam, gərək bir-bir düşünüb yada salım... Bir dəfə müştəri dövlət idarəsinə aid nömrə nişanlı avtomobildən düşərək mənə yaxınlaşdı, dedi ki, evin qapısını açmaq lazımdır. Demişəm ki, şahidlər lazımdır. Dedi ki, narahat olma, dövlət adamıdır. Qapını açmaq ərəfəsində isə gəliblər ki, bu ev mübahisəlidir. Dərhal "102"ni yığaraq məlumat vermişəm ki, bu adam məni aldadıb. Soruşublar ki, qapını açmamısansa, nə üçün bizə zəng etmisən? Belə qəribə hadisələr də olub".
"Bir qapını açmaq üçün əsas tələbimiz şəxsiyyət vəsiqəsi deyil. Şəxsiyyət vəsiqəsi evdə qala bilər, adamdır, çıxıb bloka ki, süpürsün, qapı bağlanıb qalıb çöldə. Belə hallar ola bilər. Bu səbəbdən qapını açmazdan öncə 2 qonşunun şahid olmasını tələb edirik. Hətta adam orda kirayədə qalarsa belə, o qapını açmaram. Ola bilər ki, kirayədə yaşayan şəxs aylıq ödənişini verməyib və ev sahibi ilə arasında mübahisə yaranıb, bu cür işlərlə çox qarşılaşmışam. Günlərin bir günü də bir müştəri gəlib deyib ki, bəs qapını çöldən də bağlaya bilirsiz? Nə üçün lazımdır, deyə soruşanda deyib ki, arvadım sözümə baxmır, qapını bağla qoy içəridə acından ölsün. Yəni, bu cür axmaq adamlar da var".
"Eləsi olub ki, açarın plastilin üzərindəki eskizini gətirib ki, bunu çıxart. Deyirəm çıxartsam, yarı-yarıya olacaq? O nə deməkdir, deyə soruşanda isə başa salıram ki, məhkəmədə səninlə yanaşı mənə də yarıbayarı iş düşəcək. Açarın kağız üzərində eksizini gətirdikdə də, həmin sifarişi qəbul etməmişəm. Adam gərək işini ehtiyatlı tuta. Bəlkə də bizim işimizdən qorxulu iş yoxdur, amma bu vaxtadək heç bir problem yaşamamışam, üzərimə şər-böhtan atan olmayıb. Yaxşı xatırladım, bir dəfə də "Tarqovu" kimi yerdə evin divarındakı seyfi açmışdım. Seyf açılanda qadın ağlayıb çığırmağa başladı ki, bəs 8 min dolları yoxa çıxıb, seyf bomboşdur. Bundan əlavə qızılları, brilliantları da yox idi. Sən demə, qadın ərindən boşandıqdan sonra əri hər şeyi yığıb aparıb".
"Müştəri açarı geri qaytaranda, elə bilirəm ki, başımdan qaynar su tökülür. Bəzən zavod materialı buraxanda deffekt olur, bu səbəbdən də belə hallar baş verir".
"Adam var ki, evinə getmişəm, qapısını açmışam, evin vəziyyətini görüb ondan pul almamışam".
"Artıq 24 ildir ki, metronun "Elmlər Akademiyası" stansiyasının qarşısında çalışıram. Bu vaxt ərzində demək olar ki, hamını tanıyıram. Əsas çətinliyim soyuq aylarda olur. Qarşıdan da qış gəlir. Özüm də 1992-ci ildə I Qarabağ müharibəsində qazi olmuşam. Torpağın altında qalmışdım, "Qırmızı Bazar" əməliyyatında mərmi olduğum yerə düşərək torpağı üstümə çevirmişdi. Çox yerimdə qəlpə yaralarım var, bununla bağlı sənədlərim də var, neçə dəfə müraciət etsəm də, əlillik dərəcəsi ala bilməmişəm. Neçə ildir ki, küçənin ortasında işləyirəm. Bu illər ərzində gələn-gələn də deyib ki, buradan yığış. Metronun o üzündən bu üzünə, bu üzündən də o üzünə keçmişəm, axırda da burada qərarlaşmışam. Soyuqdan qorunmaq üçün neçə yerə müraciət etmişəm ki, qalın bir kurtka versinlər. Dostlarımdan biri sağ olsun, səhər-səhər kürəyimi ovxaladı, bir az yaxşılaşdım. Soyuqdan çox pis olmuşdum, heç nəfəs də ala bilmirdim".
"Elə gün olub ki, heç 1 manat da qazanmamışam. Amma tələbələr gələn ərəfədə işlərimiz çoxalır, ev sahibləri gələrək kirayə qalan tələbələr üçün adambaşına açar çıxartdırırlar".
"Müharibə dövründə 17 reys yardım apardıq. Təbii ki, bu tək öz gücümüzə olmadı. Hər dəfə gedəndə də əsgərlərin ehtiyaclarını soruşurduq. Mən onda gördüm ki, bizim millətdə olan vətənpərvərlik heç yerdə yoxdur. Müharibə yenə də olarsa, gənclərimiz böyük həvəslə gedər. Biri bizim milləti pisləyəndə ona misal çəkirəm, deyirəm baxın, metrodan çıxan birinin halı pisləşən kimi mən öz oturacağımı aparıb verirəm ki, otursun, biri su alıb verir, digəri tez aptekə qaçıb dərman alıb gətirir".