"Mənə dəfələrlə təklif elədilər ki, gedim xarici ölkələrdə yaşayım, yaradım. Çünki, mən bütün dünya musiqisini bilirəm. Amma qəbul etmədim, mən Bakını sevirəm. Mənə milyonlar təklif edirdilər, amma mən milyonlardan qorxuram. İnsanlar düşünürlər ki, çoxlu pul xoşbəxtlikdir. Amma inanın, milyonlar insana səadət gətirmir. Sənət adamı milyonlar dalınca qaçsa, ruhu öləcək, onun fikri ancaq pul qazanmaq olacaq. Amerikadan, Türkiyədən, Rusiyadan, İsraildən təkliflər gəldi, amma mən oraları seçmədim".
"Bir qadın mənə Türkiyənin Antalya şəhərində yaşamağı təklif etmişdi. Antalyada dənizin kənarında villa idi, içində royal da var dedilər. İstəmədim. Qusardakı evimi heç nəyə dəyişmərəm. Meşənin içində bir evim var. Quşlar oxuyur, onlara cavab olaraq mən də onlarla oxuyuram. Quşlar bir anlıq dayanıb mənim səsimi dinləyirlər. Onlara da təəccüblü gəlir ki, bir qoca kişi onların dilində “danışır”, onlara “cavab verir”. İnsanlar elə bilirlər ki, quşdur da, onlar heç nə anlamır. Onlar insanlardan daha çox anlayırlar. Bu anı heç nəyə dəyişmərəm".
“Mən hər dəfə pianonun arxasında oturanda yenidən doğulmuş kimi oluram. Bəlkə də elə ona görə mən 50 il əvvəl necə idimsə, indi də beləyəm. Yaş gedir, qocalsam da, ruhum cavan qalıb. Musiqiçinin, incəsənət adamının qəlbi təmiz olmalıdır, onun qəlbi kinlə dolu olsa, sənət yarada bilməz".
"O illərdə Konservatoriya aşıb-daşırdı. Bəstəkarlar, vokalçılar, pianoçular dolu idi. Qara Qarayev, Cövdət Hacıyev, Vasif Adıgözəlov, Cahangir Cahangirov kimi sənətkarlar dərs deyirdi. Tələbələr də özlərini xoşbəxt hiss edirdilər ki, onların bu cür müəllimləri var. O vaxt ora daxil olmaq da çətin idi. Mən vokal üzrə təhsil aldım. Amma pianoda da ifa edirdim. Ona görə də bəstəkarlar məni sevirdilər. Mən həm də caz çalırdım. Onlar üçün təəccüblü idi, Cavan vokalçıdır, necə olur ki, cazda ifa edir?! Mən vokal üzrə təhsil alan vaxt gördüm ki, səsim getcikcə açılır. Bütün dünya bəstəkarlarının ariyalarını oxuyurdum".
"Bir müddət öncə Konservatoriyaya getdim, gördüm ki, heç kəs yoxdur. Nəzarətçi dedi ki, “Cavan müəllim, pandemiyayla əlaqədar dərslər onlayn keçirilir”. Çox məyus oldum. Mən musiqinin indiki vəziyyətinə baxıram, həmişə düşünürəm ki, yaxşı ki, mən o dövrdə yaşamışam. Yaxşı ki, mənim yaşlı vaxtıma təsadüf elədi. Mənim cavanlıq dövrümdə texnologiya elə də inkişaf etməmişdi. Biz “Amerikanın səsi” radiosunda caza qulaq asırdıq. Mən cazı dinləyirdim, sonra çalırdım. Tofiq Quliyev deyirdi “Cavan, bir blüz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr - red.qeydi) çal". Hamı təəccüb edirdi mənim blüz çalmağıma, çünki not yox idi, mən nə eşidirdimsə, onu da çalırdım. Mən Asəf Zeynallı adına musiqi məktəbində oxuyanda qapı-pəncərəni bağlayıb çalırdım. Çünki, utanırdım".
"1965-ci il idi. Mən o zamanlar texnikumda təhsil alırdım. Müslüm Maqomayev də texnikumda məşq edirdi. Mən də qapının arxasında dinləyirdim. Dedi - “Kto tam?”. Onun danışıq səsi də yüksək idi. İçəriyə keçdim. Sən demə o da mənim haqqımda eşidib. Bilir ki, mən pianoda çala bilirəm. Dedi - gəl çal. Mən başladım çalmağa, ortada caz akkordu etdim. Dedi - “stop, bu nədir? Bu cazdır”. Dedim - mən hərdən caz da ifa edirəm". Dedi "gedək evə, bulyon bişirib evdəkilər, sən mənə o akkordu göstər. Getdik evlərinə, məşqə başladıq. Nə qədər çalışdısa, alınmadı. Mən isə ondan vokal oxumağı öyrəndim, başladım onun kimi oxumağa".
"1962-ci ildə Bakıya bir Amerika filmi gətirmişdilər. Orada caz çalırdılar. Mən 5 dəfə o filmə gedib baxmışdım. Çox maraqlıdır ki, film başlamazdan əvvəl bizim musiqiçilərimiz o filmdə səslənən musiqini ifa edirdilər. O dövrdə not yox idi, onlar kasetə yazırdılar, sonra dinləyirdilər. Sonra həmin musiqini ifa edirdilər. Bundan sonra Bakı da oldu cazın mərkəzi. Bakı o illərdə beynəlxalq şəhər idi. Moskvada da Bakı cazmenlərinə böyük rəğbət var idi. Mən o dövrdə səhnəmizin ən qaymaqları – Flora Kərimova, Mirzə Babayev, İlhamə Quliyeva, Müslüm Maqomayev, Mübariz Tağıyev üçün pianoda ifa edirdim".