"İlk növbədə ölkədə müasir standartlara müvafiq Milli Ödəniş Sisteminin infrastrukturu yaradılmış, onun sabit, etibarlı və təhlükəsiz fəaliyyəti təmin edilmiş və təkmilləşdirilməsi isitqamətində fasiləsiz işlər aparılıb. Bank sisteminin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb, ödəmə qabiliyyətini itirmiş banklar sistemdən kənarlaşdırılıb, ölkənin ən böyük bankı Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması yekunlaşdırılıb. Eyni zamanda, banklarda korporativ idarəetmənin yaxşılaşdırılması və risklərin idarəedilməsi bacarıqlarının dərinləşdirilməsi, requlyativ tələblərin qabaqcıl beynəlxalq standartlara (Bazel II və III standartları) uyğunlaşdırılması istiqamətlərində davamlı tədbirlər görülüb. Habelə, əmanətlərin sığortalanması mexanizminin dayanıqlı modelinin yaradılması maliyyə sabitliyi infrastrukturunu gücləndirməklə yanaşı, bankların resurs mənbələrinə bərabər çıxışını təmin edir".
"Qeyd edilən tədbirlər maliyyə xidmətlərində rəqabətin güclənməsi, maliyyə xidmətlərinin yeni keyfiyyət mərhələsinə keçidini, o cümlədən maliyyə xidmətlərinin çeşidliyinin artmasını, innovativ biznes modellərin yaranmasını təmin etməklə maliyyə xidməti istehlakçılarına rahat, əlçatan və təhlükəsiz rəqəmsal məhsul və xidmətlərin çatdırılmasını təmin edəcək", - deyə Mərkəzi Bankın məlumatında bildirilib.