BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan hökumətinin siyasətinin ana xəttini sosial siyasət təşkil edir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Vətən Müharibəsi şəhidlərinin övladlarına həsr olunan "Hərə bir qəhrəman oldu" adlı tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra dövlət idarəçiliyində yeni mərhələ başlayıb:
"Vətən müharibəsi qəhrəmanları, şəhid ailələrinə dəstək üçün olan bir sıra mövcud proqramlar genişləndirilib və yeni proqramlara start verilib. Sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artıb. Postmüharibə proqramları ümumilikdə 26 mindən çox şəxsi əhatə edir. "Məşğulluq marafonu"na da start verilib, 2100-dən çox vakansiya yerləşdirilib, 600-dən çox şəxs işlə təmin edilib".
Nazir müavini bu marafonun davam etdiyini və daha çox insanı əhatə edəcəyini bildirib.