SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü istisna edilmir - rəsmi

Leyla Abdullayeva: biz postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik.
Sputnik
BAKI, 7 oktyabr — Sputnik. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib. Sputnik Azərbaycan xəbər verir ki, XİN rəsmisi Azərbaycan tərəfinin hər zaman dialoqa açıq olduğunu deyib.
O qeyd edib kİ, Azərbaycan hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir:

"Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Biz postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik. Bir müddət öncə Nyu-Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik".

Daha sonra XİN rəsmisi bildirib ki, Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırkı mərhələdə 3 dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir:

"Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasıyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər".