BAKI, 6 oktyabr — Sputnik. Kürdəmirdə nar sərgi-satış yarmarkası keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə Ucar, Kürdəmir, Göyçay, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarından olan 70-ə yaxın fermer, istehsal vasitələri təchizatçıları və sahibkarlar iştirak ediblər. Onlar öz məhsullarını nümayiş etdirərək sərfəli qiymətə satmaq imkanı əldə ediblər.
Kürdəmirdə nar sərgi-satış yarmarkası
© Sputnik / Rashad Rashidov
Nar sərgi-satış yarmarkası çərçivəsində nar müsabiqəsi də keçirilib. Meyvələrin xarici görünüşünə əsasən ən yüksək keyfiyyətli məhsul istehsal edən üç qalib seçilib. Sabirabad rayonunda fəaliyyət göstərən fermer Rafael Musazadə 1-ci, Saatlı rayonundan Vüqar Xəlilov 2-ci, sabirabadlı fermer Polad Qasımov 3-cü yerə layiq görülüblər. Qalib nar istehsalçılarına peşəkar budama alətləri hədiyyə edilib.
Kürdəmirdə nar sərgi-satış yarmarkası
© Sputnik / Rashad Rashidov
Bundan başqa, sərgi-satış yarmarkasına gələn fermerlər burada narçılıq sektoru üçün mühüm əhəmiyyət kəsb edən gübrə, dərman və su sistemləri ilə tanış olmaq imkanı əldə ediblər. Burada fermerlər nar suyunun tərkibindəki şəkərin və turşuluğun miqdarının ölçülməsi xidmətlərindən pulsuz yararlanıblar. Yarmarka çərçivəsində narçılığın inkişafı, narçılıq sahəsində dəyər zəncirinin qurulması ilə bağlı fermerlərə seminar keçirilib.
Kürdəmirdə nar sərgi-satış yarmarkası
© Sputnik / Rashad Rashidov
Tədbirdə narçılığın inkişafı, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. Nar sərgi-satış yarmarkalarının digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.