İDMAN

Teymur Rəcəbov "Champions Chess Tour"un vitse-çempionu oldu

Sputnik
BAKI, 4 oktyabr - Sputnik. Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçısı olduğu, mükafat fondu 1,5 milyon dollar (təxminən 2,5 milyon manat) olan “Champions Chess Tour”un final mərhələsində ikinci yeri tutub.
Sputnik Azərbaycan-ın məlumatına görə, doqquz turun nəticələrində görə, Rəcəbov 27 xal toplayaraq çempion turunun qalibi olan Karlsendən cəmi 4,5 xal geri qalıb. Üçüncü pilləyə 24 xal toplamış Levon Aronyan (Ermınistan) sahib çıxıb.
Digər təmsilçimiz Şəhriyar Məmmədyarov 9,5 xalla turnirin sonuncusu olub.
Çempion turunun final turnirində Teymur Rəcəbov ardıcıl olaraq üç dəfə - Vladislav Artemyevə (Rusiya, 2,5:3,5), Hikaru Nakamuraya (ABŞ, 2,5:3,5), Aniş Giriyə (Niderland, 2,5:3,5) uduzub, sonrakı oyunların hamısında isə - Yan Kşiştof Dudaya (Polşa, 2,5:1,5), Levon Aronyana (Ermənistan, 2,5:1,5), Uesli Soya (ABŞ, 3:1), Maqnus Karlsenə (Norveç, 3:1), Şəhriyar Məmmədyarova (Azərbaycan, 2,5:1,5) və Maksim Vaşye Laqrava (Fransa, 2,5:0,5) qalib gəlib.