BAKI, 4 oktyabr — Sputnik. Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bəyan edib ki, yaxın günlərdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsi görüşü gözlənilir. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla məlumat verib.
"Qarşılıqlı təsir tonunu ölkələrimizin rəhbərləri müəyyən edirlər. Bu il artıq üç şəxsi görüş baş tutub. Yaxın günlərdə növbəti şəxsi görüş gözlənilir", – deyə Matviyenko Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşündə bildirib.
Matviyenko onu da vurğulayıb ki, bu dialoq Rusiya Federasiyası ilə Ermənistan arasında iqtisadiyyat, humanitar, təhsil, səhiyyə də daxil olmaqla bütün sahələrdə qarşılıqlı əlaqələrin tonunu təyin edir.
Qeyd edək ki, Nikol Paşinyan Vladimir Putinlə sonuncu dəfə bu il iyulun 7-də görüşmüşdü. Həmin vaxt tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Dağlıq Qarabağla bağlı bəyanatlarının icrasına baxmaqla yanaşı, ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafının aktual aspektləri, Avrasiya məkanında inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı əlaqələrin artırılması perspektivlərini müzakirə etməyi planlaşdırırdı.