İQTİSADİYYAT

Bahalaşan neft fonunda Bakıda pay bölgüsü - həftənin iqtisadi yekunları

Gecikmiş kreditlərə görə cərimələrin hesablanmaması, dərman qiymətlərinin təsdiq edilməsi, Azərbaycan neftinin bahalaşması, Rusiyaya alma ixracı və s. - Sputnik Azərbaycan-ın icmalında.
Sputnik
BAKI, 3 oktyabr — Sputnik. Yola saldığımız həftə Azərbaycanda maraqlı iqtisadi hadisələr baş verib. Mühüm hadisələrdən biri Mərkəzi Bankın pandemiya ilə bağlı maliyyə sektoruna əlavə dəstək paketinin müddətini uzatmasıdır.
İqtisadiyyatın müxtəlif sahələri üzrə tətbiq edilmiş məhdudiyyət rejiminin yumşaldılması fonunda və iqtisadi aktivliyin tədricən bərpa edilməsi şəraitində Mərkəzi Bankın İdarə Heyətinin 30 sentyabr 2021-ci il tarixli qərarına əsasən, requlyativ dəstək tədbirlərinə yenidən baxılıb, ölkədə pandemiya şəraitinin davam etdiyi nəzərə alınaraq pandemiyadan təsirlənmiş fiziki şəxslər və sahibkarlıq subyektlərinin maraqlarının qorunması və dəstəklənməsi tədbirlərinin müddəti bir daha uzadılıb. Belə ki, kredit öhdəliklərinin gecikdirilməsi halında borcalanlardan əlavə cərimə faizi, dəbbə pulu və digər cərimələrin hesablanmaması, borcalanların kredit öhdəlikləri üzrə gecikmələrlə bağlı onların kredit tarixçələrinin pisləşdirilməməsi barədə kredit təşkilatlarına verilmiş tövsiyələr əlavə olaraq 3 ay müddətinə uzadılıb və 1 yanvar 2022-ci il tarixinədək qüvvədə saxlanılıb.
TƏHLİL
Azərbaycanda dollar ucuzlaşa bilərmi?
Xatırladaq ki, Mərkəzi Bank tərəfindən 2020-ci ilin aprel ayında maliyyə sektoruna dəstəkləyici tədbirlər paketi təsdiq edilib. Maliyyə sektorunun cari vəziyyəti, sektorun maliyyə dayanıqlığı üzrə aparılmış qiymətləndirmə nəticələri, habelə beynəlxalq maliyyə təşkilatlarının tövsiyələri nəzərə alınmaqla Mərkəzi Bank requlyativ dəstək rejimini davamlı olaraq dəqiqləşdirir və adekvat siyasət qərarları qəbul edir.

Tarif Şurasının iclası keçirilib

Ötən həftə Tarif Şurası 200-dək dərman vasitəsinin qiymətlərini təsdiq edib. Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 200-ə yaxın dərman vasitəsinin qiymətləri də təsdiq edilib.
Qeyd edək ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 12 864 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri" bölməsində yerləşdirilib.

Filiz yataqlarının istismarı ilə bağlı müqavilə

Azərbaycanda üç filiz yatağının istismarı ilə bağlı Türkiyə şirkətləri ilə müqavilə imzalanması da ötən həftənin diqqətçəkən hadisələrindən biridir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb ki, Azərbaycanın "Qaşqaçay", "Elbəydaş" və "Ağduzdağ" filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan "Eti Bakır A.Ş." və "Artvin Maden A.Ş." ilə müqavilələr imzalanıb.
Nazir atılan bu mühüm addımın işğaldan azad edilmiş ərazilərdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcəyinə inandığını qeyd edib.

Azərbaycan nefti bahalaşır

Ölkəmizdə haisl olunan "qara qızıl"ın qiyməti 80 dolları keçib. Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci il aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il sentyabrın 27-də (80,77) qeydə alınıb. Neft qiymətlərinin artımına səbəb əksər ölkələrdə COVID-19-la bağlı yumşalmanın tətbiqi və qlobal miqyasda vaksinasiya prosesi olub.

BP öz payını satır

Neft qiymətlərində artlma rəğmən, keçən həftə BP "Dayazsulu Abşeron" geoloji-kəşfiyyat layihəsində payının bir qismini satdı. BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25 faizini "LUKoil" şirkətinə satmağı razılaşdırıb.
Alqı-satqı əməliyyatı tamamlandıqdan sonra BP-nin AYDH layihəsində 25 faiz iştirak payı olacaq. BP, həmçinin geoloji-kəşfiyyat dövründə AYDH hasilatın pay bölgüsü haqqında sazişinin (HPBS) operatoru olaraq qalacaq. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50 faiz, BP – 25 faiz və "LUKoil" – 25 faiz.
Hazırkı sövdələşmə Azərbaycan hökuməti tərəfindən təsdiq olunduqdan sonra 2021-ci il iyulun 1-dən qüvvəyə minməklə bu ilin dördüncü rübündə başa çatacaq.
"Biz "LUKoil" şirkətinin AYDH layihəsi tərəfdaşlığına qoşulmasından çox məmnunuq. Bu, bizim "Şahdəniz" layihəsindəki uğurlu əməkdaşlığımızın davamı olacaq. Əgər uğurlu olarsa, həm Azərbaycana, həm də bizim tərəfdaşlığımıza dəyərlər gətirəcək bu layihənin geoloji-kəşfiyyat proqramını "LUKoil" və SOCAR-la yaxından işləyərək həyata keçirəcəyik".
Qəri Counz
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti
"LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov deyib ki, "LUKoil"un BP və SOCAR-ın layihəsinə qoşulması Rusiya və Azərbaycanın enerji sahəsində beynəlxalq əməkdaşlığın inkişafı ilə bağlı milli maraqlarına uyğundur: "İnanıram ki, tərəfdaşların topladığı bütün elmi və texniki ehtiyatlar Abşeron yarımadasının dayaz sularındakı bu perspektiv sahənin işlənməsinə təkan verəcək".
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AYDH dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS BP və SOCAR arasında 2014-cü ilin dekabr ayında Bakıda imzalanıb və 2015-ci ildə Milli Məclis tərəfindən ratifikasiya olunub. AYDH dəniz blokunun Şimal Xali sahəsində ilk kəşfiyyat quyusunun qazılmasına avqustun 16-da başlanıb və qazma işlərinin 2021-ci ilin 4-cü rübündə tamamlanacağı gözlənilir. Quyunun ümumi dərinliyinin 2424 metrə çatacağı planlaşdırılır. Bundan sonra quyudan əldə edilmiş məlumat analiz ediləcək və göstəricilər uğurlu olarsa, nəticələrin təsdiqlənməsi üçün qiymətləndirmə proqramı həyata keçirilə bilər.
CƏMİYYƏT
İraqın neft naziri: Azərbaycanla neft-qaz sahəsində əməkdaşlıqda maraqlıyıq
AYDH kontrakt sahəsi Xəzər hövzəsinin hüdudları boyunca Abşeron yarımadasının cənubuna doğru uzanır. Bu ərazidə suyun dərinliyi 40 metrədək dəyişir və potensial məhsuldar layların dərinliyi 2000-5000 metr arasındadır.
Müqavilə sahəsində 2016-cı ildə 3D (üçölçülü) seysmik tədqiqat proqramı həyata keçirilib.
Kontrakt sahəsindən əldə edilmiş üçölçülü məlumatların emalı və interpretasiyası tamamlandıqdan sonra 2017-ci ildə BP tərəfindən SOCAR-a üç perspektiv sahə ilə (Şimal Xali, Bibiheybət Şərq və Qarabatdaq) əlaqədar Perspektivlik haqqında Bildiriş təqdim edilib. Bu sahələrin hər birində bir kəşfiyyat quyusunun qazılması planlaşdırılır.
AYDH sahəsindəki ilk quyu üzrə Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi 2020-ci ilin avqust ayında ictimaiyyətə açıqlanıb və sənədin müzakirəsi bitdikdən sonra 2021-ci ilin yanvarında hökumət tərəfindən təsdiqlənib. Bununla da 2021-ci ildə qazma işlərinə başlanmasına icazə verilib.

Qubadlıya aparan yollar

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.
Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 66 kilometr təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 17 kilometr uzunluğunda yeni avtomobil yolunun da inşası nəzərdə tutulub. Layihələndirilən yolların ümumi uzunluğu 83 kilometrdir.
Dövlətimizin başçısının tapşırığına əsasən Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarının Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşası hazırda davam etdirilir.
İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "37 N-li Yol İstismarı" MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin Polat Yol Yapı San. və Tic. Anonim Şirkəti birgə icra edir.
Artıq Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun ilk 6 kilometrlik hissəsində torpaq işləri, yeraltı keçid və boruların inşası işləri yekunlaşıb, hazırda qeyd olunan hissədə yol geyiminin inşası aparılır.
QARABAĞ
Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisi davam edir
Yolun 7-40 kilometrlik hissəsində isə torpaq işləri, "İnşaat Norma və Standartları"na uyğun olaraq yol əsasının və yatağın deformasiyaya uğramış və yararsız qruntu, həmçinin torpaq yatağının genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri görülür.
Xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 21.5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Azərbaycanın 70 müəssisəsinin Rusiyaya alma ixrac etməsinə icazə verilib

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
Həyata keçirilən birgə tədbirlərin nəticəsi və Agentliyin zəmanəti əsasında "Rosselxoznadzor" tərəfindən 30 sentyabr tarixindən daha 5 alma istehsalı müəssisəsindən bu ölkəyə alma ixracına icazə verilib.
Qeyd edək ki, bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ümumilikdə 70 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 153397 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 229 %-i həcmindədir.

Aqropark içtirakçılarını da eşitdilər

İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə "Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu" mövzusunda tədbir keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri İnam Kərimov, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Zaur Mikayılov, həmçinin aidiyyəti dövlət qurumlarının və aqrar sektorda aparıcı şirkətlərin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov aqroparkların kənd təsərrüfatında, ümumilikdə ölkə iqtisadiyyatında rolunu qeyd edib, onların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirləri - aqrar sektora vergi güzəştləri, subsidiya və güzəştli kreditlərin verildiyini, lizinqə verilən texnika və avadanlıqlara görə güzəştlərin tətbiq edildiyini diqqətə çatdırıb. Bildirilib ki, hazırda ölkənin 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Aqroparkların təşkilinə dövlət dəstəyi göstərilir, infrastruktur təminatı yaradılır, güzəştli kreditlər verilir. Belə ki, 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, Nazirlik tərəfindən 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəşt əldə ediblər. Bu günədək aqroparklara 1 mlrd. manatdan çox özəl investisiya qoyulub. Nazir qeyd edib ki, aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. İndiyədək aqroparklarda ümumi olaraq 5000-dək insan daimi, 4500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edilib ki, torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün aqroparklar innovativ və əlverişli mexanizmdir. Bu baxımdan aqroparkların ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu gücləndirilməli, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməlidir.
Kənd təsərrüfatı naziri İnam Kərimov əkin torpaqlarından səmərəli istifadə edilməsi və ekoloji təmiz məhsul istehsalının genişləndirilməsində aqroparkların əhəmiyyətini vurğulayıb, aqroparkların fəaliyyətində səmərəliliyin artırılmasının vacibliyini qeyd edib və bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən danışıb.
İQTİSADİYYAT
Sahibkarların nəzərinə! Yevlaxda aqroparkda iş var
Sonra aqropark təmsilçiləri ilə müzakirələr aparılıb, sualları cavablandırılıb. Sahibkarlar su çatışmazlığı, aqrar sığorta, torpaqların təyinatının dəyişdirilməsi, yol infrastrukturunun olmaması, mütəxəssis çatışmazlığı, qanunsuz balıq göllərinin fəaliyyəti nəticəsində torpaqların şoranlaşması, su nasoslarının yenilənməsi, yeni yarımstansiyaların tikintisi və s. məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

Bakıda İnvestisiya və Mədəniyyət Sammiti keçiriləcək

Oktyabrın 27-29-da Bakıda keçiriləcək Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində startaplar üçün xüsusi tanıtım proqramı nəzərdə tutulur.
İslam Əməkdaşlıq Təşkilatına üzv (OIC) ölkələrdən bir çox tanınmış dövlət rəsmilərinin və özəl sektor təmsilçilərinin iştirakı ilə keçiriləcək sammitin başlıca məqsədlərindən biri gənclərə startap layihələrini investorlara təqdim etmək fürsəti verməkdir. Bu məqsədlə sammit çərçivəsində OIC-ə üzv ölkələrdən 50-yə yaxın startapın təqdim olunacağı sərgi keçiriləcək. Startap layihələri qida, kənd təsərrüfatı, "yaşıl iqtisadiyyat", maliyyə texnologiyaları, oyun və onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və sair sahələri əhatə edəcək.
Qeyd edək ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və KOBİA-nın birgə təşkilatçılığı, Azərbaycanın İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi ilə təşkil olunacaq. Tədbirdə Azərbaycan, Türkiyə və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, beynəlxalq təşkilatların nümayəndələri, investorlar, startaplar və gənclər təşkilatları iştirak edəcək. Üç gün davam edəcək tədbir çərçivəsində müxtəlif mövzularda panel iclaslar, sərgi və digər tədbirlər təşkil olunacaq.