BAKI, 1 oktyabr — Sputnik. Dubayda COVID-19 pandemiyası səbəbindən bir il təxirə salınan ümumdünya "Expo-2020" səgisininin açılışı baş tutub. Bu barədə İnterfax xəbər verib.
Sərginin 182 günü ərzində 190-dan çox ölkə texnologiya, elm və incəsənət sahəsində öz nailiyyətlərini və yeniliklərini nümayiş etdirəcək.
Dubay valisi Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum cümə axşamı, axşam saatlarında sərginin açılışını elan edib. "Əl-Bayan" qəzetinə verdiyi açıqlamada o, bunun "bəşəriyyətin yaddaşına həkk olunacaq müstəsna hadisə" olacağını söyləyib. Vali onu da əlavə edib ki, BƏƏ "insanlığın ehtiyac duyduğu beynəlxalq əməkdaşlıq əsasında qlobal problemlərin həllini tapmaq üçün" bu tədbiri təşkil edir.
Dubay hökuməti bu tədbirə təxminən 7 milyard dollar xərcləyib. Bütün ölkələrin vətəndaşları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş COVID-19-a qarşı peyvəndlərdən biri ilə tam vaksin olunduqları təqdirdə Birləşmiş Ərəb Əmirliklərini ziyarət edə biləcəklər. Sərginin özünə getmək üçün 18 yaşdan yuxarı bütün insanlar peyvəndi və ya mənfi PCR testi təsdiq edən sənədi təqdim etməlidirlər. Saytdakı bilet sahiblərinə pulsuz test imkanı veriləcək.