BAKI, 30 sentyabr — Sputnik. Yeni növ koronavirusa (COVID-19) yoluxan müğənni Səyyad Əlizadə vəfat edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə müğənni Nadir Bayramlı məlumat yayıb.
Koronavirusa yoluxan Səyyad Əlizadə bir müddət öncə Mərkəzi Gömrük hospitalına yerləşdirilmiş və EKMO cihazına qoşulmuşdu. Mərkəzi Gömrük Hospitalında S.Əlizadə süni komaya salınmışdı. Sənətçinin ağciyərinin 80 faizinin buzlaşdığı bildirilirdi.
Səyyad Əlizadə 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. 19 yaşında Azərbaycan Dövlət Televiziyasında "Xoş gördük, tələbə" verilişində çıxış edib.
Tələbəlik illərində İslam Rzayevin "Araz" ansamblında çalışıb. 1988-ci ildə Azərbaycan İncəsənət İnstitutunun nəzdindəki Bakı Xalq İncəsənət Universitetinə daxil olub və 1990-cı ildə vokal ixtisası üzrə iki illik kursu bitirib.
S.Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Son dövrdə "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edirdi.
17.09.2021-11:02
Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu baradə müğənninin qohumu Razim Qarayev məlumat verib.
O bildirib ki, müayinə nəticəsində S.Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb: "Ötən gecədən Səyyad bəyin müalicəsi yüksək səviyyədə davam etdirilir. Ancaq vəziyyəti ağır olaraq qalır. Ümid edirik ki, prosedurların nəticəsi olacaq".
Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran müalicə üsuludur.