MƏDƏNİYYƏT

Azərbaycan kinematoqrafçıları nüfuzlu festivalda iştirak edirlər

Yüz əlli filmin nümayiş olunacağı Daşkənd festivalında Stiven Siqal, Nikita Mixalkov, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Mithun Çakraborti və digər məşhur sənət adamları iştirak edirlər.
Sputnik
BAKI, 29 sentyabr — Sputnik. Daşkənddə "İpək yolu dürdanəsi" adlı beynəlxalq kinofestivalın təntənəli açılış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, festivalın açılış mərasimində dünyanın 50-yə yaxın ölkəsindən 350 qonaq, eləcə də Özbəkistanın dövlət strukturlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər. Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrik məktubunu oxuyub.
Bu gündən etibarən festival çərçivəsində Azərbaycan filmləri günü də keçiriləcək. Azərbaycan kinematoqrafçılarının filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstəriləcək.
Nümayəndə heyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, "Azərbaycanfilm" studiyasının direktoru Fariz Əhmədov, rejissor Afaq Yusifli və digərləri daxildir.
Sözügedən festivalda tammetrajlı bədii filmlər proqramına rejissorlar İsmayıl Səfərlinin "Balıqçı qızı", Rüfət Həsənovun "Daxildəki ada", Əli Səttar Quliyev "Olimpiya" Ksenia Laqutinaya "Fəridə" filmi daxildir. Orman Əliyevin şanlı zəfərimizə həsr olunmuş "Biz" filmi və Fariz Əhmədovun "Sonuncu" filmləri sənədli filmlər proqramına daxildir. "5 günlük kino" proqramına isə Murad Hüseynovun "Vəhşi durnaların vaxtı", Murad Hüseynov və Səddam Mehdiyevin "İki yol" filmləri daxildir.
Yüz əlli filmin nümayiş olunacağı Daşkənd festivalında fəxri qonaq kimi dünyanın məşhur aktyorları və rejissorları - Stiven Siqal, Nikita Mixalkov, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Mithun Çakraborti və digər məşhur sənət adamları iştirak edirlər.