BAKI, 28 sentyabr — Sputnik. Avropanın fyuçers bazarında ticarətin açılışında qaz qiymətləri tarixdə ilk dəfə olaraq min kubmetr üçün min dolları keçib. Bu barədə məlumat "ICE Futures" tərəfindən bildirilib.
Belə ki, Hollandiyanın TTF (Avropanın ən likvid habı) indeksi üzrə fyuçerslər 992 dollardan başlayıb və artıq Moskva vaxtı ilə 10:10-da tarixi maksimuma – təxminən 1030 dollara çatıb.
Əvvəlki rekord sentyabrın 15-də qeydə alınıb. O zaman min kubmetrin qiyməti 963,9 dollara kimi qalxıb.
Son həftələrdə Avropada yanacağın qiyməti bir yarım dəfədən çox artıb - sentyabrın 1-də qazın min kubmetri 614 dollara satılıb. Analitiklər hesab edirlər ki, bu, Avropanın qaz anbarlarının tam dolmaması səbəbindən mümkün çatışmazlıqla bağlı olan narahatlığı ilə əlaqədardır. Əlavə olaraq, artan tələbə iqtisadiyyatın bərpası və hava faktorları, həmçinin Asiya ilə mayeləşdirilmiş təbii qaz (LNG) bazarında rəqabət və Avropanın ən böyük tədarükçüsü olan "Qazprom"un məhdud təchizatı səbəb olub.