VİDEO

Şəhid anası: “Əli və İslamdan mənə qalan bu muzey oldu”

Şəhid qardaşların anası - Sevinc Əhmədova: “Bu müzeyi yaratmaqda bir məqsədim var idi, Əli ilə İslamı bu cür yaşadım, belə tanısınlar. Ətraflı videomuzda.
Sputnik
Mingəçevirdə dünyaya gələn qardaşlardan Əlinin 27, İslamın isə 26 yaşı vardı şəhid olanda. Ataları İlqar Əhmədov onlar hələ uşaq olarkən dünyasını dəyişib. Anaları Sevinc Əhmədova çətinliklə böyütmüşdü övladlarını. Vətən müharibəsi başlayanda Əhmədov qardaşları da "müddətdən artıq xidmət edən" olaraq döyüşlərə qatılırlar.
Şiddətli döyüşlərin ilk günü düşmənə sarsıdıcı zərbələr endirərək hərbçi yoldaşları ilə bərabər irəliləməyi bacarırlar. Ermənilərin atdığı mərmi Əlini iki dəfə yaralasa da o, döyüşü davam etdirir. Hər iki qardaş 27 sentyabrda ən uca zirvəyə - şəhadətə yüksəliblər. İki övladını Vətən yolunda qurban verən ana övladları üçün tikilən evi müzeyə çevirib.
Sevinc Əhmədova müsahibəsində bildirib: “Mədəniyyət nazirliyindən xahişim budur ki, bu evi dövlət qeydiyyatına alsınlar. Dövlətin himayəsində olsun, bu ev qorunsun, gələcək nəsillərə çatdırılısın. Gələcək nəsillər də heç vaxt Əli ilə İslamı unutmasınlar. Yaddaşlarda qalsınlar, mən də belə yaşadım balalarımı.
Bu mənim ən böyük arzumdur, bir ana kimi. Müzey dövlət qeydiyyatına alınsın və qorunsun.”
Qeyd edək ki, Tərtər rayonun Talış, Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qardaşlar “Vətən uğrunda”, ”Cəsur döyüşçü” və “Laçının azad edilməsinə görə” medalları ilə təltif ediliblər.