Almaniyada parlament seçkisi: Berlinə iki minə yaxın polis cəlb olundu

İctimai rəy sorğuları Sosial-Demokrat  Partiyasının qələbə çalacağını proqnozlaşdırır. Ancaq heç bir partiyanın 30 faiz belə səs toplaya bilməyəcəyi barədə ehtimallar da var.
Sputnik
BAKI, 26 sentyabr — Sputnik. Bu gün Almaniyada parlament seçkisinə səsvermə başlayıb, ölkənin seçki məntəqələri bu məqsədlə səhər saatlarından fəaliyyətdədir.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, koronavirus pandemiyası seçki qaydalarına da müəyyən düzəlişlər edib: bu dəfə səs vermək istəyənlərin yanında şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, tibbi maska da olmalıdır.
Seçkinin nəticəsi əsasında başında yeni kanslerin duracağı növbəti Almaniya hökuməti formalaşacaq. Qeyd edək ki, Angela Merkel növbəti mərhələ üçün bu vəzifəyə iddia etmir.
İctimai rəy sorğuları Sosial-Demokrat Partiyasının qələbə çalacağını proqnozlaşdırır. Ancaq heç bir partiyanın 30 faiz belə səs toplaya bilməyəcəyi barədə ehtimallar da var. Bəzi proqnozlara görə, Bundestaqda altı partiya təmsil olunacaq.
Exit-poll-un nəticəsi seçki məntəqələri saat 18.00-da bağlanandan qısa müddət sonra elan olunacaq.
Qeyd edək ki, seçki gün Berlində asayişi təmin etmək üçün təxminən 1,8 min polis əməkdaşı cəlb olunub. Bu barədə Berlin Baş Polis İdarəsinin rəsmi "Twitter" saytında məlumat verilib.
İdarədən daha əvvəl "hadisələrin hər cür inkişafına hazır olduqlarını və bütün mümkün münaqişələrin qarşısının alınacağını" bildirmişdilər.