BAKI, 23 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland "Twitter" hesabında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünə dair məlumat paylaşıb. Sputnik Azərbaycan xəbər verir ki, Nuland Əfqanıstandan təxliyə səylərinə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.
"BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yaxşı görüş keçirdim. Həbs olunanların azad edilməsi, minalardan təmizləmə və siyasi barışıq kimi bölgədə sülhün və sabitliyin təşviqinə dair addımlarla Minsk Qrupu həmsədrlərinin mexanizmi vasitəsilə də daxil olmaqla irəliləyiş gözləyirik", - deyə Nuland yazıb.
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.
Azərbaycan XİN-in yaydığı məlumatda bildirilir ki, tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında ümumi fikir mübadiləsi aparıblar. ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən Azərbaycan sülhməramlılarının Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.
Tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə əlaqadar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən bu xüsusda konstruktiv addımların atıldığını, Ermənistan tərəfindən isə buna qarşılığın verilmədiyini qeyd edib.
Həmçinin oxuyun: