CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Neftçi"nin serbiyalı oyunçusu: "Uşaqlar Azərbaycan himnini oxutmağımı istəyirlər"

Bakının "Neftçi" klubunun 34-cü doğum gününü qeyd edən serbiyalı legioneri Azərbaycandakı həyatından və işindən danışıb.
Sputnik
BAKI, 23 sentyabr - Sputnik. Bakı "Neftçi"sinin serbiyalı legioneri Voislav Stankoviçin uşaqları atalarından Azərbaycanın himnini qoşmağını istəyir, sonra isə onu ifa edirlər. 
Stankoviç bildirib ki, uşaqları Azərbaycan himnini keçən il öyrəniblər.
"Hələ keçən il, mənim "Neftçi"dəki oyunumu televizorda izləyərkən uşaqlar Azərbaycan himnini öyrəndilər. Hər dəfə baxdıqca himnin sözlərini öyrəniblər. Xanımımla mən onlara deyirik ki, bu, Azərbaycanın himnidir, onu Serbiyanın himni kimi bilmək, bu ölkəyə hörmət etmək lazımdır. Mən Azərbaycanda işləyirəm və bu ölkə mənə doğmadır. Onlar uşaq bağçasında da himni öyrənirlər. Dəfələrlə məndən himni qoşmağı istəyiblər, sonra da oxumağa başlayıblar", - Stankoviç deyib.
Serbiyalı futbolçu sentyabrın 22-də 34-cü yaşını tamam edib.
"Adətən, ad günümü ailəmlə restoranda qeyd edirəm, amma indi pandemiya səbəbindən evdə qeyd edirik. Artıq 34 yaşım var, qocalıram (gülür), amma əsas odur ki, özümü yaxşı hiss edirəm, əla fiziki formadayam", - legioner vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının dördüncü turunda "Keşlə"yə qarşı oyun (3:0) serbiyalı futbolçunun çempionatımızda 150-ci oyunu olub. "Keşlə" (o vaxtın "İnter"i) isə 2015-ci ildə Stankoviçin oynadığı ilk Azərbaycan klubu olub.
"Uzun illərdir Azərbaycanda oynayıram, bu ölkəni sevirəm, burada hər şey məni qane edir. Elə olmasaydı, bu qədər müddət burada oynamazdım. "Neftçi"nin şərəfini qoruduğum üçün şadam. Ümid edirəm ki, hələ burada çox oynayacam", - Stankoviç əlavə edib.
Eləcə də oxuyun:
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu
"Qarabağ" - "Bazel" oyunu kadrlarda
İdman jurnalisti: “Futbolla bağlı məsələlərdə də ciddi islahata ehtiyac var
Lənkəranda “Zəfər Kuboku” mini futbol turniri başa çatıb
"Neftçi" avrokuboklara darmadağınla vida etdi