BAKI, 23 sentyabr - Sputnik. BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində 22 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri, Azərbaycan ilə Avropa Şurası arasında 2022-ci il üzrə Fəaliyyət Planı, eləcə də regionda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov AŞ baş katibinə üçtərəfli bəyanatların icrası ilə bağlı məlumat verərək, bu xüsusda Ermənistanın əsassız iddialarının bölgədə sülh quruculuğu ilə bağlı kövrək vəziyyətin gərginləşdirilməsinə xidmət etdiyini vurğulayıb.
Mariya Peyçinoviç AŞ-nin bölgədə sülh, inkişaf və rifahın təmin olunması mövqeyindən çıxış etdiyini xatırladaraq, bunun üçün müvafiq dəstəyi göstərməyə hazır olduqlarını ifadə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində müzakirələr aparılıb.
Qeyd edək ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə gedib.
Səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Baş Assambleyanın bu ilki iclası “COVID-19 pandemiyasının keçid dövrü”, “Davamlılığın bərpası”, “Planetin ehtiyaclarına cavab vermək”, “İnsan hüquqlarına hörmət” və “BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq” kimi mövzulara həsr edilib.
Həmçinin oxuyun: