CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu məşhur preparat COVID-19-un müalicə kursundan çıxarıldı

COVID-19 virusu dünyada yeni yayılmağa başladığı vaxt əksər ölkələrdə, o cümlədən, Azərbaycanda da koronavirus xəstələrinin müalicəsində bu preparatdan geniş istifadə olunurdu. Tələbatın artması dərmanın qıtlığına və qiymətinin bahalaşmasına gətirib çıxarmışdı.
Sputnik
BAKI, 22 sentyabr — Sputnik. Rusiya Səhiyyə Nazirliyi COVID-19-un müalicəsi ilə bağlı tibbi tövsiyələrin yeni versiyasını təsdiqləyib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat verib.
Tövsiyələrin yeni versiyasında risk faktoru olan pasiyentlər üçün "Umifenovir" preparatı müalicə vasitələrinin siyahısından çıxarılıb.
Bundan başqa, ambulator müalicənin yenilənmiş sxemi də əlavə olunub ki, bura "Budesonid" preparatı daxil edilib.
Qeyd edək ki, siyahıdan çıxarılan "Umifenovir"– COVID-19-un müalicəsində geniş tətbiq olunan "Arbidol"un əsas təsiredici maddəsidir.
Virus əleyhinə vasitə olan "Arbidol" əsasən qripin in-vitro viruslarının zərərsizləşdirilməsində istifadə olunur. Klinik araşdırmalar böyüklərdə qrip və digər kəskin respirator virus infeksiyalarının müalicəsində bu preparatın effektli olduğunu təsdiqləyib. Təcrübə göstərib ki, "Arbidol", xüsusən, xəstəliyin kəskin dövründə simptomların aradan qalxmasına kömək edir.
Xatırladaq ki, COVID-19 virusu dünyada yeni yayılmağa başladığı vaxt əksər ölkələrdə, o cümlədən, Azərbaycanda da koronavirus xəstələrinin müalicəsində "Arbidol" preparatından geniş istifadə olunurdu. Tələbatın bu şəkildə artması dərmanın qıtlığına və qiymətinin dəfələrlə bahalaşmasına gətirib çıxarmışdı.
"Budesonid" isə iltihab əleyhinə, antiallergik və immunosupressiv təsirə malik preparatdır. Əsasən, astma, xroniki obstruktiv ağciyər xəstəliyi, həmçinin qulaq xəstəliklərində istifadə olunur.
Həmçinin oxuyun:
COVID xəstələrinin fantastik xərcləri - pulu olanlar özünə, olmayanlar Allah ümidinə?