CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəblərdə dərslər ikinövbəli olacaq?

Bəşarət Məmmədov bildirib ki, məktəb rəhbərləri və müəllimlər də birnövbəli tədrisə üstünlük verərdilər.
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. Bakıda şagird sıxlığı olan məktəblərdə dərslər ikinövbəli keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı üzrə Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov valideynlərin məktəblərdə birnövbəli dərslərin keçirilməsi ilə bağlı tələblərinə aydınlıq gətirərkən deyib.
O bildirib ki, orta məktəblərdə ikinövbəli dərslərin təşkili zərurətdən irəli gələn seçimdir: "Bəzən məktəblərdə tədrisin növbəli təşkili ilə bağlı müxtəlif fikirlər səslənir. Məktəb rəhbərləri və müəllimlər də birnövbəli tədrisə üstünlük verərdilər. Ancaq bir sıra məktəblərdə mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə ikinövbəli dərslər zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir".
B.Məmmədov onu da qeyd edib ki, xüsusən indiki pandemiya dövründə bu, ilk növbədə uşaqların və müəllimlərin sağlamlığına xidmət edir: "Bir də ki, yəqin, hamının əsas arzusu ənənəvi tədrisin bərpasıdır, təki normal, hamı üçün sağlıqlı təhsil ili olsun".
Məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınaraq qərar verilir. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə 20 nömrəli məktəb-liseydə də tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi barədə qərar verilib.
BŞTİ-dən bildirilir ki, ikinövbəli sistem zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir. Xüsusilə indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir. Dövlət tərəfindən təhsilverənlərin və təhsilalanların sağlamlıqlarının qorunmasına yönəlmiş tədbirlərə valideynlər də dəstək verməlidirlər.
Eləcə də oxuyun:
Yeni tədris ilinə hazırıqmı? - Sorğunun nəticələri
Dərsliklərlə bağlı vəziyyət açıqlandı
Bakıda 15 məktəbə yeni direktor təyin olunub