BAKI, 21 sentyabr — Sputnik. Sudan ordusu bu ölkədə dövlət çevrilişinin qarşısını alıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "al-Mayadeen" telekanalı xəbər yayıb.
"Dövlət çevrilişi cəhdi baş tutub, o, uğursuz olub. Xalq ona müqavimət göstərməlidir", - deyə telekanala Sudanın müstəqil keçid şurasının rəsmisi bildirib. O bildirib ki, hazırda ölkədə vəziyyət nəzarət altındadır.
Telekanalın məlumatına görə, ordu çevrilişi planlaşdıran zabitləri həbs edib.
"Tanklar Xartumda parlamentin yanında olan körpünü bağlayıb", - deyə telekanal məlumat verib.
Al-Jazeera telekanalının məlumatına görə, çevrilişdə iştirak etmiş 40-dan çox zabit saxlanılıb, hazırda həbslər davam edir.
Sudanda 2018-ci ilin dekabrında dərin iqtisadi böhran fonunda başlayan xalq etirazları nəticəsində 2019-cu ilin aprelində hərbi çevriliş baş vermişdi. Ölkəni 30 il idarə edən Ömər əl-Bəşir hakimiyyətdən kənarlaşdırılaraq həbs edilmişdi.
2019-cu ilin avqustunda keçid hərbi şurasının rəhbəri Əbdül-Fəttah əl-Burxan ölkənin Suveren Şurasının rəhbəri qismində and içmişdi. Sudanın yeni baş naziri Abdulla Hamdok isə 2019-cu il avqustun 21-də and içmişdi. Genişmiqyaslı siyasi və iqtisadi islahatların keçirilməsi üçün hərbi və mülki hökumət razılığa gəlmişdi.