İDMAN

Rafael Ağayev Tokio Olimpiadasındakı məğlubiyyətə görə Luici Busadan qisas ala bilər

Karate-1 Premyer Liqası seriyasının Moskva turniri Tokioda Yay Olimpiya Oyunlarından sonra Azərbaycan karateçiləri üçün ilk yarış olacaq.
Sputnik
BAKI, 21 sentyabr — Sputnik. Dünya karatesinin brilyantı Rafael Ağayev (75 kiloqram) oktyabrın əvvəlində Tokioda Olimpiya Oyunlarının finalında uduzduğu italiyalı Luici Busaya məğlubiyyətinin heyfini çıxa bilər.
Sputnik Azərbaycan xəbər verir ki, Moskvada oktyabrın 1-də azərbaycanlı karateçilərin, həmçinin kişilərdən ibarət milli komandanın lideri Rafael Ağayevin (75 kiloqram) iştirakı ilə Karate-1 Premyer Liqasının ilk turniri başlayacaq. Tokio Olimpiya Oyunlarından sonra Moskva turniri Ağayev üçün ilk olacaq.
Üstəlik, onun Tokio Olimpiadasının finalında uduzduğu rəqibi italiyalı Luici Busa da Moskva turnirində çıxış edəcək. Ağayevlə Busa arasındakı döyüş son dərəcə prinsipial ola bilər, çünki Tokioda keçirilən yarışda məğlub olan Rafael final döyüşündən sonra italyan rəqibini qələbəsi münasibətilə təbrik etməyib və hətta Busa ilə salamlaşmaq niyyətində olmadığını da bildirib.
Tokio Olimpiadasının digər gümüş mükafatçısı İrina Zaretska (68 kiloqram) da Premyer Liqanın Moskva mərhələsində iştirak edəcək. Yeri gəlmişkən, Tokio finalında Zaretskanın uduzduğu rəqibi, misirli Feryal Abdeləziz də Rusiya paytaxtında çıxış edəcək.
Əlavə edək ki, "Premyer Liqa" seriyasından olan Moskva turnirinə Azərbaycandan ümumilikdə 24 iştirakçı gedəcək.