Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir. Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.
Qeyd edək ki, son günlər Gorus-Qafan yolunda İran yük maşınlarının hərəkətinin qanuni tələblər əsasında məhdudlaşdırılması, eyni zamanda regionda keçirilən hərbi təlimlər cənub qonşumuzda narahatlıq yaradıb.
Bəs İranın narahatlığının tutarlı əsası varmı?
Sputnik Azərbaycan mövzu ilə Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikirlərini öyrənib. Politoloq baş verənləri belə şərh edib: “Azərbaycan Respublikasının İrana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan İranla əməkdaşlığa üstünlük verir. Hətta torpaqlarımızın işğal altında qaldığı dövrdə də İranın Ermənistana hərtərəfli yardım etməsinə baxmayaraq, bu addımlar görməzdən gəlinirdi. Vətən Müharibəsindən sonra İran tərəfinin Azərbaycana qarşı tutduğu mövqe ərazi bütövlüyümüzə qarşı sayğısızlıqdır. Azərbaycan tərəfi buna qarşı olaraq çox da ictimailəşməyən vasitələrlə İran tərəfinə etirazını çatdırır. Buna baxmayaraq İran tərəfi vəziyyəti gərginləşdirmək yolunu tutub. Atılan addımlar İranın Azərbaycanla münasibətlərdə gərginliyə üstünlük vermək niyyətini göstərir. Bu, Azərbaycanı hədələməyə cəhddir”.
Sədrəddin Soltanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz