CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Üzeyir ruhu bu gün Şuşada dolaşır

İşğaldan azad olunan Şuşa şəhərində bu gün sayca ikinci festival keçirilir. Musiqisevərlər Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalına toplaşıblar.
Sputnik
BAKI, 18 sentyabr — Sputnik. Bu gün işğaldan azad ediləndən sonra Şuşa şəhərində ilk dəfə Milli Musiqi günü keçirilir.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir bu dəfə onun Şuşadakı heykəlinin ucaldığı parkda baş tutub. Tədbirdə iştirak edən nümayəndə heyəti Xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət edərək onların heykəlləri önünə gül dəstələri qoyublar.
Tədbiri Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov açaraq bildirib ki, bu gün Şuşada uzun illər sonra ilk dəfə Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalı keçirilir: "Əminəm ki, gələcək nəsillər də bu ənənəni davam etdirəcəklər. Bu gün keçirilən tədbirin xüsusi əhəmiyyəti var. Milli Musiqi Günümüz vaxtı ilə erməni vandallarının dağıtdığı və avqustun 29-da Prezidentin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında keçirilib.
İkinci səciyyəvi məqam odur ki, bu gün çıxış edəcək Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı düz 85 il əvvəl dahi bəstəkar tərəfindən yaradılıb”.
Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şuşada icra etdiyi genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri bərpa olunur.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, bundan əvvəl də Şuşada beynəlxalq festivallar keçirilib: "Ancaq bu günün önəmi hər birimiz üçün tamam fərqlidir. Bu gün Üzeyir bəyin ruhu bizimlə Şuşadadır. Burada səslənən musiqilərin sədaları altında işğaldan azad olan digər torpaqların yenidən qurulması daha da sürətlənəcək".
Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşaya yeni həyatın qayıtdığını deyib. O, bu gözəl məkanda Vaqif Poeziya Günlərinin, Xarı Bülbül festivalının keçirildiyini, tarixi və mədəni abidələrin bərpa edildiyini vurğulayıb:
"Biz bu günü 30 ildir arzulayırdıq. Bu gün mənim ürəyim doludur, ona görə də danışmaqda çətinlik çəkirəm. Bu gün yaşadığımız sevinci şəhidlərə, qazilərə borcluyuq. Hər il bu bayramı Bakıda qurulan səhnələrdə keçirirdik. Bu il isə Üzeyir heykəlinin yerləşdiyi bağda, azad Şuşada bayramı qeyd edirik. Ona görə də hamınızı burada görməkdən şadam. Şuşa çox böyük sürətlə dəyişilir. Bu gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bundan da böyük tədbirləri Şuşada keçirək".
Qeyd edək ki, mədəniyyət xadimləri səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarlarını, eyni zamanda, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.
İştirakçılara Qala divarlarının işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması, həmçinin Yuxarı və Aşağı Gövhər Ağa məscidləri barədə məlumat verilib. Hazırda qala divarlarında təmir işləri davam edir.
Qeyd edək ki, bu beynəlxalq tədbir işğaldan azad olunan Şuşa şəhərində keçirilən sayca ikinci festivaldır.
Tədbir konsert proqramı ilə davam edir.
Eləcə də oxuyun:
Kosmosda da səslənir: Azərbaycanın ən gözəl musiqi parçalarından seçmələr
Xalq artisti: “Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı” adlandırmışam”
Heykəli güllələnib satışa çıxarılan dahimiz: bu günümüz adıyla yaşayır
Altmış iki il sonra dahi Uzeyir Hacıbəylinin “Koroğlu” operası yenidən lentə alındı