SƏHİYYƏ

Pfizer vaksini 6 aylıqdan tətbiq etmək istəyir - Mütəxəssislər həyəcan təbili çalırlar

Pfizer şirkəti səlahiyyətlisinin bu açıqlaması birmənalı qarşılanmayıb. COVID-19 peyvəndinin körpə yaşda uşaqlar üzərində sınaqdan keçirilməsi insanlar arasında narahatlığa səbəb olub.
Sputnik
BAKI, 16 sentyabr — Sputnik. Amerikanın dərman şirkəti "Pfizer" bu ilin noyabr ayında 6 ay ilə 5 yaş arasındaki uşaqlara yeni tip koronavirгs (COVID-19) peyvəndinin vurulması üçün ABŞ-ın Qida və Dərman İdarəsinə müraciət etməyi nəzərdə tutur. Amerikanın "Politico" nəşrinin xəbərinə görə, bunu Pzifer şirkətinin maliyyə direktoru Frank D’Amelio açıqlamasında bildirib. O, deyib ki, Pfizer ve Biontech şirkətləri noyabr ayında 6 ay və 5 yaş aralığında uşaqlara COVID-19 peyvəndinin vurulması üçün FDA-dan razılıq istəyəcək.
Pfizer şirkəti səlahiyyətlisinin bu açıqlaması birmənalı qarşılanmayıb. COVID-19 peyvəndinin körpə yaşda uşaqlar üzərində sınaqdan keçirilməsi insanlar arasında narahatlığa səbəb olub.
Sputnik Azərbaycan COVID-19 peyvəndinin gələcəkdə körpə yaşda uşaqlara tətbiq olunmasının nə dərəcədə təhlükəli olduğunu, vaksinin gələcəkdə uşaqlar üçün planlı peyvənd təqviminə salınmasının mümkün olub-olmadığını araşdırıb.
Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, peyvəndin körpə yaşda uşaqlar üzərində tətbiqindən əvvəl vaksin bir çox ölkələrdə sınaqdan keçirilməlidir:
"Təbii ki, peyvəndin uşaqlar üzərində tətbiqinə anidən başlanıla bilməz. Bundan öncə vaksin uşaqlar üzərində sınaqdan keçirilməlidir. Sınaq keçirildikdən sonra həmin sənədlər Ümumdünya Səhiyyə Təşkilatına göndərilməlidir ki, qeydiyyata alınsın. Ümumiyyətlə, COVID-19-a qarşı bütün peyvəndlər təcili tətbiq rejimində istifadə edilir".
N.Quliyev əks təqdirdə peyvəndin sınaqdan keçirilməsi üçün beş il vaxt tələb olunduğunu söyləyir: "Bütün yaşda peyvəndin tətbiq edilməsi üçün illər tələb olunsa da COVID-19 vaksini ilə bağlı vəziyyət bir qədər fərqlidir. Ola bilər ki, gələcəkdə bu vaksin də milli peyvənd təqviminə salınsın. Çox güman ki, bu, gələcəkdə elə belə də olacaq. Çünki peyvəndləmə bütün əhalini etmədikdə effektiv olmur".
Kafedra müdiri koronavirusa yoluxmaya uşaqlar arasında da rast gəlindiyini söyləyir. Onun sözlərinə görə, virusa yoluxma uşaqlar arasında ağırlaşmaya səbəb olmasa da uşaqlar daşıyıcı olurlar. Bu isə virusa yoluxmada artım riski yaradır.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna direktoru Allahverdi Musayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, vaksin istehsalçılarının peyvəndləri daha çox əhali üzərində tətbiq etmək istəyi başadüşüləndir. A. Musayevin sözlərinə görə, Pfizer də peyvənd istehsalçısı olduğundan, 6 ay ilə 5 yaş arasındaki uşaqlara yeni tip koronavirus (COVID-19) peyvəndinin vurulmasına öz maddi maraqları üçün müraciət edə bilər: "Amma bu müraciəti Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Pediatriya Cəmiyyəti qiymətləndirməlidir. Dünyada nadir ölkələr var ki, uşaq yaşda peyvəndləməni tətbiq edir. Amma tam peyvəndlənmə olmayıb.  Hazırda vaksinasiya əsasən yuxarı yaş üzərində tətbiq edilir. Bu başa çatdırılmamış, uşaqlar üzərində tətbiqi gözlənilən deyil".
A.Musayev bildirir ki, dünyada peyvəndlərin vurduğu uzunmüddətli yan təsirlərin öyrənilməsi üçün elmi araşdırmalar aparılır. Bu elmi araşdırmalar başa çatmamış körpə yaşlarda peyvəndin tətbiqi barədə qərar verilə bilməz.
Həmsöhbətimiz həmçinin qeyd edir ki, bu günədək aktiv COVID-19 infeksiyasından ölən uşaq yoxdur. Amma COVID infeksiyasının ağırlaşmasından ölüm halları müşahidə olunub: "Yalnız post-koronavirus iltihab sindromu (MIS-C)-dən ölüm halları baş verib. Bununla belə, COVID infeksiyasının ağırlaşmasının peyvəndlə bir əlaqəsi yoxdur. Peyvənd vurulsa belə, bu xəstəliyin uşaqlar arasında ağırlaşmayacağını söyləmək və buna zəmanət vermək olmaz! Bu gün Türkiyədə 12 yaşdan yuxarı uşaqlar üzərində tətbiqi nəzərdə tutulur".
COVID -19 peyvəndinin planlı peyvənd siyahısına salınmasına gəlincə A.Musayev hələ ki bunun müzakirə mövzusu belə olmadığını söyləyir. Onun sözlərinə görə, indi bu vaksinin məktəb yaşlı uşaqlar üzərində sınaqdan keçirilməsi nəzərdə tutulur. Milli Peyvənd Təqviminə salınmasından isə danışmağa dəyməz.
Qeyd edək ki, Pfizer daha öncə 5-11 yaşlarındakı uşaqlara peyvəndin vurulması üçün müraciət edəcəyini açıqlamışdı. Amma göründüyü kimi, şirkət daha aşağı yaş qruplarında vaksini sınamaq qərarına gəlib. Məlumat üçün qeyd edək ki, FDA tərəfindən avqust ayında razılıq verilən Pfizer/Biontech peyvəndi ABŞ-da icazəsinə razılıq verilən ilk tam lisenziyalı COVID-19 vaksini olub.  Xatırladaq ki, Pfizer/Biontech və Moderna peyvəndləri Avropa Dərman Agentliyi tərəfindən 12 yaşından böyüklər üçün təsdiqlənib.
Xatırladaq ki, Azərbaycanda dünən axşam saat 17:00-dan etibarən 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer ("Comirnaty") peyvəndinin vurulmasına başlanılıb.
16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir. Həmin şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Vaksinasiya mərkəzləşdirilmiş qaydada Bakı Sağlamlıq Mərkəzində aparılır.
Eləcə də oxuyun: 
Yeni dalğanın gəlib-gəlməyəcəyini əvvəlcədən bilmək mümkün deyil - ÜST
Azərbaycanda "Mu" ştammına yoluxma var? Hande Harmancı suala özünəxas formada cavab verdi
COVID-19 statistikası: yoluxanlar azaldı, ölənlərin sayı isə artıb
İki doza "Sinovac"dan sonra 3-cü doza yeni vaksinin vurulması buster doza deyil
Bu hallarda övladınızı məktəbə göndərməyə bilərsiniz