BAKI, 16 sentyabr — Sputnik. Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xivə şəhərində UNESCO himayəsi altında keçirilən "Mərkəzi Asiya dünya sivilizasiyalarının kəsişməsində" Beynəlxalq Mədəniyyət Forumunun açılış mərasiminə qatılıb. Sputnik Azərbaycan xəbər verir ki, forumda UNESCO, Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurası (İCOMOS), Mədəni Mülkiyyətin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqat Mərkəzi (İCCROM), TÜRKSOY və Türk Şurasının nümayəndələri, 50-dən çox ölkədən mədəni irs, elm, incəsənət və digər sahələr üzrə mütəxəssislər iştirak edib.
Açılış mərasimində Özbəkistan Baş nazirinin müavini, Özbəkistanın və Qırğızıstanın mədəniyyət nazirləri, İCESCO və İCCROM-un rəhbərlərinin çıxışı olub.
Mədəniyyət naziri Anar Kərimov çıxış edərək tədbirin təşkilinə və yüksək qonaqpərvərliyə görə Özbəkistana təşəkkürünü bildirib. Qeyd edib ki, bu cür təşəbbüslər bölgənin ortaq mədəniyyətini və ortaq irsini öyrənmək və populyarlaşdırmaq üçün yeni fürsətlər yaradır. Belə tədbirlər eyni zamanda beynəlxalq aləmdə məlumatlılığın artırılmasında əhəmiyyətli rol oynayır.
Nazir vurğulayıb ki, qədim İpək Yolu mədəniyyətlərarası mübadilənin inkişafına mühüm töhfələr verib. İpək Yolu eyni zamanda bu yol boyunca yerləşən ölkələrin yeni sosial-fəlsəfi baxışlar sisteminin, mədəni nümunələrinin qlobal məkana inteqrasiyasına vəsilə olub. Bir sözlə, qədim İpək Yolu Orta Asiya xalqlarının tarixində və mədəniyyətində dərin iz qoyub.
Anar Kərimov diqqətə çatdırıb ki, Orta Asiya ilə yanaşı, Azərbaycan da bu tarixi qloballaşma yolunu keçib və onun müxtəlif izlərinə hələ də ölkəmizin müxtəlif yerlərində rast gəlinir.
"Azərbaycan dünyəvi bir ölkə olaraq müxtəlifliyi özünün ən böyük fəzilətlərindən hesab edir və bu müxtəlifliyin inkişafı üçün çalışır. Sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan mədəniyyətlərarası dialoq üçün etibarlı məkandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi" və bu platforma çərçivəsində ölkəmizin ev sahibliyi etdiyi Mədəniyyətlərarası Dialoq Forumu bunun əyani təzahürüdür. "Bakı Prosesi" fərqli anlayışlı insanlar və qruplar arasında qarşılıqlı anlaşma və hörmətə əsaslanan açıq dialoq üçün qlobal platformadır", - deyə nazir əlavə edib.
Tədbirin açılış mərasimindən sonra Anar Kərimov Özbəkistanın "Dunyo boylab" və "Mədəniyyət" telekanallarına müsahibə verib. Azərbaycan ilə Özbəkistan arasında tarixi-mədəni əlaqələri və qardaşlıq münasibətləri haqqında danışan nazir beynəlxalq forumun işini yüksək qiymətləndirib.
Anar Kərimov həmçinin UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriyela Ramos ilə görüşüb. Görüşdə Azərbaycanın UNESCO ilə sosial və humanitar elmlər sahəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
UNESCO ilə Azərbaycan arasında əməkdaşlığın tarixindən söz açan A.Kərimov bu əlaqələrin inkişafında ölkəmizin Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu bildirib. Nazir həmçinin Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” beynəlxalq platforması haqqında məlumat verib.
Qeyd edilib ki, BMT Baş katibinin hesabatlarında mədəniyyətlərarası dialoqu özündə ehtiva edən “Bakı Prosesi” qlobal platforma kimi yüksək qiymətləndirilib. BMT-nin Sivilizasiyalar Alyansı və UNESCO Bakının ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşı kimi çıxış edir. Dünyada multikultural və tolerant ölkə kimi qəbul olunan Azərbaycan fərqlilikləri özünün zənginliyi kimi olaraq edir.
A.Kərimov Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace for culture) beynəlxalq platforması haqqında da məlumat verib, layihənin əhəmiyyətini diqqətə çatdırıb.
Söhbət zamanı UNESCO tərəfindən Azərbaycanın Ermənistan işğalından azad olunmuş Qarabağ bölgəsinə texniki missiya göndərilməsi məsələsi barədə də fikir mübadiləsi aparılıb.
Görüşdə gender bərabərliyi, gənclər sahəsində, eləcə də UNESCO-nun təşkil etdiyi Gənclər Forumu ilə əməkdaşlıq da müzakirə mövzusu olub.
Eləcə də oxuyun:
ISESCO-nun sabiq baş direktoru UNESCO-ya səsləndi
Muğam ustadı: "Biz təkcə torpaqlarımızı itirmədik, qızıl səslərimizi də itirdik"
İlham Əliyev: "İyirmi səkkiz il ərzində Minsk qrupu çox imkanları əldən verib"