SƏHİYYƏ

Baş infeksionist COVID-19 olduğundan şübhələnib test verməyənlərə müraciət edib

Həkimin sözlərinə görə, öncəki ştammlarda yoluxma bir o qədər sürətli olmasa da, "Delta" ştammında əksinə, yoluxma daha sürətlidir.
Sputnik
BAKI, 15 sentyabr — Sputnik. COVID-19 xəstəsi olduğunu düşünən, lakin test verməyib sərbəst hərəkət edən şəxslər çox təhlükəlidirlər.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov nazirliyin rəsmi "Instagram" səhifəsində canlı yayımda çıxışı zamanı deyib.
T.Eyvazov deyib ki, öncəki ştammlar yayılarkən ailədə yoluxma olardısa, ailə üzvlərinin hər birinini nəticəsi pozitiv olmurdu. Öncəki ştammlarda yoluxma bir o qədər sürətli olmasa da, "Delta" ştammında əksinə, yoluxma daha sürətlidir: "Ailə üzvlərindən test nəticəsi pozitiv çıxan şəxslər var ki, onlar özlərini yaxşı hiss etməsələr də, 14 gün evdə qalmamaq və sərbəst hərəkət etmək üçün test vermirlər. Təəssüflər olsun ki, bu cür şəxsləri aşkarlamaq mümkün deyil".
"Bu, vətəndaş məsuliyyətidir. Vətəndaşlar bu məsələyə məsuliyyətlə yanaşmalıdırlar. Çünki yoluxma bumeranqdır", - deyə o əlavə edib.
Baş infeksionist özünü narahat edən hər kəsi həkimə müraciət etməyə, məsuliyyətli olmağa səsləyib.
T.Eyvazov test nəticələrindən də danışıb və deyib ki, müxtəlif yerlərdə seroloji testlərin cavabları müxtəlif ola bilər.