BAKI, 14 sentyabr - Sputnik. Milli Musiqi Gününə və dahi Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmuş ənənəvi festival çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Leyli və Məcnun" operasının tamaşası keçiriləcək.
Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda tamaşanın məşqləri davam edir. Məşqlər pandemiya qaydalarına uyğun olaraq aparılır.
Tamaşada iştirak edəcək seyrçilərin sayı məhdud olacaq. Dəvətnamə ilə teatra gələn tamaşaçılar Nazirlər Kabineti yanında Operativ Qərargahın koronovirusla mübarizəyə qarşı müəyyən etdiyi qaydalara uyğun olaraq zala buraxılacaq və əyləşdiriləcəklər.
Qeyd edək ki, sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə, Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda cari festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik sədaları” adı altında yeni proqrama start verilib və gənclərə böyük səhnədə özlərini nümayiş etdirməyə şans yaradılıb.
Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də çıxışı nəzərdə tutulub.
Onu da vurğulamaq lazımdır ki, mövcud pandemiya şəraiti ilə əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVİD pasportu ilə giriş mümkün olacaq.
Həmçinin oxuyun: