VİDEO

I Am Jazzman: Bakıda yeni ulduzlar parladı

Sentyabrın 18-dək paytaxtda davam edəcək Bakı Caz Festivalı çərçivəsində gənc ifaçıların "I Am Jazzman" (Mən Cazmenəm) müsabiqəsi keçirilib. Müsabiqəyə 14-30 yaşlı musiqiçilər və vokalçılar qatılıb.
Sputnik
Müsabiqəyə ümumilikdə 13 istedadlı musiqiçi qatılıb - onlardan bəzilərinin artıq musiqi təhsili var, bəziləri isə musiqi səyahətinə yeni başlayıb. Müsabiqə  iki mərhələdən ibarət olub. Müsabiqənin qaliblərinə birinci yer üçün 1000, ikinci yer üçün 500, üçüncü yer üçün 200 manat məbləğində pul mükafatı verilib.
Müsabiqənin xüsusi mükafatı Fərid Zeynalova təqdim edilib. Birinci yerə Rüstəm Sadıqlı, ikinci yerə Allahverdiyev Məhəmməd layiq görülüblər. Üçüncü yeri isə Asmet Nəcəfova və Albina Pikşeva paylaşıblar.
“Bütün iştirakçılar çox istedadlıdır. İstəyirəm ki, onlar musiqi təhsili almağa davam etsinlər”, - deyə Caz festivalının direktoru Leyla Əfəndiyeva müsahibəsində bildirib.
"I am Jazzman" müsabiqəsi hər il Caz festivalı çərçivəsində keçirilir. Layihənin məqsədi peşəkar və məharətli, istedadlı caz ifaçılarını, gənc musiqiçiləri tapmaqdır.
"Mən Cazmenəm" həm səhnədə yeni ulduzları alovlandırır, həm də gənc istedadlara festival zamanı caz mütəxəssislərinə və tamaşaçılara öz qabiliyyətlərini nümayiş etdirmək imkanı verir.