BAKI, 11 sentyabr — Sputnik. Taliban* hərəkatı humanitar yardım göstərən Pakistan təyyarələrində Kabildən gizli sənədlərin və kompüterlərin çıxarılması xəbərini təkzib edib. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə mənbə RİA Novosti-yə bildirib.
Bu yaxınlarda Pakistan Əfqanıstana humanitar yardım təyyarəsi göndərib.
"Bu təbliğatdır. Pakistan təyyarələri Qəndəhara, Bəlxə, Kabilə yardım göndərib və geri boş qayıdıb", - deyə mənbə bildirib.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.
Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyasında və bir sıra digər ölkələrdə qadağan olunmuş terror qruplaşması