“İdman sahəsində buraxılan nöqsanlar ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir. Deməli, məşq prosesinə, təlim-məşq toplanışlarına xüsusi diqqət verilməlidir”. Bu fikirləri Prezident İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
İdman jurnalisti Aydın Bağırov Sputnik Azərbaycan-a deyib ki, konkret olaraq olimpiya idman növlərində islahatların aparılmasına ehtiyac var: “Bu idman növlərini bizim üçün ənənəvi saymaq olar. Çünki bütün yay olimpiya oyunlarında həmin idman növlərində bizim nəticələrimiz olub. Eyni zamanda futbolla bağlı məsələlərdə də ciddi islahata ehtiyac var. Bölgələrdə futbol yoxdur, skautlar futbolçunu harada axtarsınlar?! Faktiki olaraq bölgələrimizin 95 faizində futbol yoxdur”.
Aydın Bağırovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz