CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənclər Teatrının təsisçisi olmuş teatr xadiminin doğum günüdür

Ötən əsrin 80-ci illərində Milli Dram Teatrında çalışmağa başlayan rejissor tamaşalara quruluş verir, 1989-cu ildə özünün Gənclər Teatrını yaradır, vəfatına qədər (17 il) teatrın bədii rəhbəri və direktoru olur.
Sputnik
BAKI, 8 sentyabr — Sputnik. Azərbaycan aktyoru və teatr rejissoru, Azərbaycan Dövlət Gənclər Teatrının təsisçisi, bədii rəhbəri və direktoru, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin doğum günüdür. Sputnik Azərbaycan xəbər verir ki, Hüseynağa Atakişiyev 8 sentyabr 1949-cu ildə Bakıda Çəmbərəkənd məhəlləsində yoxsul bir ailədə anadan olub. Atası Ağahüseyn Atakişiyev sürücü, anası İranida Atakişiyeva evdar xanım idi. Üç uşaqlı ailənin (bir qız, iki oğul) böyük oğlu olan Hüseynağa Atakişiyev altı yaşında olarkən anasını itirir. Anasının ölümündən sarsılan aktyor evdən qaçır, yalnız bir neçə gün sonra onu tapmaq mümkün olur. Hüseynağa Atakişiyev yoxsul ailədə böyüdüyü üçün 12–13 yaşlarından işləməyə məcbur olmuşdur. Lakin təhsilini yarımçıq qoymamış, orta təhsilini başa vurduqdan sonra M.Əliyev adına İncəsənət İnstitutuna qəbul olunub. Burada 4 il boyunca teatr professoru Mehdi Məmmədovdan aktyor sənətini öyrənir.
Hüseynağa Atakişiyev 1975-ci ildə universiteti bitirdikdən sonra dostu, Moskva Teatr İnstitutunun məzunu Vaqif Abbasovla birlikdə Şəkiyə gedir. O, Şəki Dövlət Teatrında aktyor kimi işə başlayır. Bir il sonra Hüseynağa Atakişiyev həmin teatrda baş rejissor kimi fəaliyyət göstərməyə başlayır. Bu teatrda "Hacı Qara" tamaşası onun ilk rejissor işi olur və ona uğur gətirir. Həmçinin aktyor Şəki Dövlət Teatrında Vaqif Səmədoğlunun məşhur "Bəxt üzüyü" əsərini səhnəyə qoyan ilk rejissor olub.
Hüseynağa Atakişiyev bir neçə il sonra Bakıya dəvət alır. 1985-ci ildən etibarən Milli Dram Teatrında çalışmağa başlayan rejissor tamaşalara quruluş verir. Lakin kollektiv arasında Hüseynağa Atakişiyevin ilk gündən tətbiq etməyə başladığı yenilikləri qəbul etməyənlər vardı. Buna görə də aktyor Milli Dram Teatrından ayrılır və 1989-cu ildə özünün Gənclər Teatrını yaradır, vəfatına qədər (17 il) teatrın bədii rəhbəri və direktoru olur.
Gənclər Teatrı 27 mart 1989-cu ildə Yusif Səmədoğlunun "Qətl günü" tamaşası ilə öz yaradıcılıq fəaliyyətinə başlayır. 1993-cü ildə isə teatra Dövlət statusu verilir. Hüseynağa Atakişiyev rejissor kimi 157-dən çox tamaşaya quruluş verib. O, həmçinin aktyor kimi 57-dən artıq rol oynayıb. Aktyorun "Uzun ömrün akkordları" filmində canlandırdığı Üzeyir bəy obrazı, habelə "Ac həriflər" teletamaşasındakı Artist obrazı xüsusilə məşhurdur. Eyni zamanda Hüseynağa Atakişiyev "Üzeyir ömrü" bədii televiziya filmində Hacıbəyovun obrazını canlandırmış, 1995-ci ildə İisə stanbulda Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasını tamaşaya qoyub.
Hüseynağa Atakişiyevin ailə həyatı elə də uğurlu olmayıb. Belə ki o, 3 dəfə evlənib. İlk evliliyi aktrisa Gülşad Baxşıyeva ilə olub. Onların 2 oğlu var idi. Aktyor ikinci dəfə aktrisa Şahzadə Babayeva ilə evlənmiş və bu evlilikdən bir oğlu olub. Aktyor üçüncü dəfə aktrisa Nəsibə Eldarova ilə evlənir. Bu evlilikdən övladı olmur.
Əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyev 9 aprel 2006-cı ildə vəfat edib.
Həmçinin oxuyun:
Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda