BAKI, 7 sentyabr — Sputnik. Baş Prokurorluq erkən nikah halları ilə bağlı video müraciət hazırlayıb. Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, görülən tədbirlərə baxmayaraq ölkəmizdə qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi hələ də problem olaraq qalmaqdadır.
Baş Prokurorluğun videomüraciətində qeyd olunur ki, erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur: "Ailə Məcəlləsinin 10-cu maddəsi qadınlar üçün nikah yaş həddini 18 yaş tamam olduqdan sonra təyin edib. Birmənalı olaraq yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır. Bu kimi neqativ halların artmaması, qarşısının alınması hər birimizin əlindədir".
Prokurorluq müraciətində bildirir ki, erkən nikah halları ilə üzləşdikdə dərhal "961" Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin!