Fransanın əfsanəvi aktyoru Jan-Pol Belmondonun 88 yaşında vəfat etməsinin səbəbini onun vəkili Mişel Qodest yorğunluqla izah edib, yəni heç bir xüsusi xəstəliyi olmayıb. O, 60 illik aktyorluq fəaliyyəti boyunca 100-dən yuxarı filmə çəkilibmiş. Doğrudur, 2001-ci ildə Belmondo insult keçirib, amma sonra bərpa oluna bilib.
Belmandonun ölüm xəbərini həmkarı, 20 əsr Fransa kinosunun son mogikanı olan Alen Delon kədərlə qarşılayıb. Onun sözlərinə görə, Belmondo onun həyatının bir hissəsi idi. Alen Delonla Belmondo təxminən eyni vaxtda doğulub, eyni dərəcədə məşhurlaşa biliblər. Bəzi kino tənqidçiləri onları rəqib kimi təqdim ediblər. Amma Delonun bildirdiyinə görə, Belmondosuz Delon, Delonsuz isə Belmondo olmazdı. Onların ümumi filmləri sırasında “Borsolino”, “İki nəfər üçün bir şans”, “Gözəl ol və sus” kimi filmlər var.
Bu günün prizmasından Belmondonun ölümü bir qədər adi görünsə də, yaşı 50-dən yuxarı olan insanlar üçün bir qədər ağır xəbərdir. Belmondo ötən əsrin 70-80-ci illərində çəkilən bir sıra fransız filminin baş qəhrəmanı olub. Əlbəttə, o Alen Delondan fərqli bir aktyor idi. Delon cazibəli, bir qədər elitar rolları ifa edirdi, qadınların sevimlisi idi. Belmondo isə çılğın, ekspressiv personajları canlandırıb. Onun ekrandakı obrazı bəlkə də özünü daha çox əks etdirirdi. Mimikası, jestləri ilə əsil cənub temperamentli fransız kişisini xatırladırdı. O, həm qısqanc ola bilərdi, həm də sevgisi uğrunda döyüşməyə hazır olan birisi idi.
Belmondonun hər bir filmini sovet insanı səbirsizliklə gözləyirdi. O dövrdə filmlərə ciddi senzura olduğundan hər filmin ekrana çıxacağına ümid yox idi, amma Belmondonu, görünür, sovet senzorları da sevirdi. Hər filmi kinoteatrlarda uğur qazanırdı.
***
Yaxşı yadımdadır: o zaman nə internet vardı, nə də indiki texnoloji imkanlar. Kinoya baxmaq üçün kinoteatra ailəvi gedərdik. Evimizə yaxın olanı isə hazırda “Space” kanalının məskunlaşdığı binada yerləşən Cəfər Cabbarlı adına kinoteatr idi. Adətən bazar günü axşam 6-7 seansına gedərdik. Hansı filmin olacağını bilməzdik, amma hər dəfə növbəti fransız filminin nümayiş ediləcəyinə ümid edərdik. Belmondonun “Peşəkar”, “Bədheybət”, “Kim kimdir” kimi filmlərinə çox həvəslə baxmışıq. O zaman keçirdiyimiz hisləri, aldığımız zövqü bu gün heç bir halda əldə edə bilmərik. Bu, bir möcüzə idi: Fransa kinosu, əfsanəvi Jan-Pol Belmondonun iştirakı etdiyi filmlərə baxmaq. Özü də bir dəfə baxmaqla kifayətlənməzdik. Sonralar Belmondonun filmlərinə müxtəlif kinoteatrlarda dəfələrlə baxmışam. Dərsdən qaçıb kinoya gedərdik. Hətta sovet lideri Yuri Andropovun dövründə kinoteatrların səhər seanslarında keçirilən “oblava”lar belə Belmondo filmlərinə olan həvəsi öldürə bilmədi. İmkan düşən kimi baxardıq.
***
Belmondonun filmlərində görmədiyimiz geyimi, həyat tərzini müşahidə etmişik. Onun ağılsız qəhrəmanlığı, dəliqanlılığı hamıya xoş gəlirdi. Cazibəsindən yaxa qurtarmaq mümkünsüz idi. Belmondonun bəzi köhnə filmləri hətta televiziyada da nümayiş etdirilib. Şənbə günü səbirsizliklə gözlədiyimiz “Retro” kinozalında rejissor Ayaz Salayev Azərbaycan tamaşaçısını dünya kinosunun inciləri ilə tanış edərdi. Rejissor o dövrdə Belmondo yaradıcılığına da müraciət etmişdi. Aktyorun məharətlə ifa etdiyi “Kartuş” filmi olduqca maraqla qarşılanmışdı. Sonralar fransızlar bu filmi 2009-cu ildə yenidən serial formatında çəkiblər.
1990-cı illərdən başlayaraq kinonu həm videokassetə, həm də diskə köçürmək mümkün oldu. O zaman Belmondonun bir sıra yeni filmləri ilə də tanış ola bildik. İnternetin inkişafı isə imkanları daha da genişləndirdi. Azərbaycan dilində olmasa da, fransız, ingilis, rus dillərində aktyorun nə qədər desən filminə rahatca baxmaq olur. Belə imkanın olması da olduqca gözəldir, amma həmin o zövqü almaq olmur nədənsə. Elə bil aktyorun filmləri də özü kimi bir qədər yorulub, köhnəlib. Zamanında möcüzə kimi görünən Belmondonun filmləri bu günün prizmasından çox sadə, primitiv təsir bağışlayır, amma yenə də əvəzolunmaz ifası ilə insanlara xoş emosiyalar bəxş edir.