“Dəniz kuboku” müsabiqəsində iştirak edən hərbi dənizçilərimiz Bakıya qayıdıblar. Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak edən Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları Bakıya qayıdıblar.
Bu gün hərbi dənizçilərimizin qarşılanma mərasimi keçirilib.
Qeyd edək ki, müsabiqəyə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan komandamız üçüncü yerə layiq görülüb.
“Dəniz kuboku” müsabiqəsi “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilib.
Yarışım açılış mərasimi avqustun 25-də olub.
Sentyabrın 4-dək davam edən müsabiqədə hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” mərhələlərində mübarizə aparıblar.